“Heydər Əliyev və Azərbaycan ifadələri hər zaman qoşa çəkilir” - ŞƏRH EDİLDİ

“Elə şəxsiyyətlər var ki, həm onlar tarix yaradırlar, həm də onlarla bağlı tarix yazılır. Heydər Əliyev belə tarixi şəxsiyyətlərdəndir. May ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Azərbaycan tarixçiləri Heydər Əliyevin fəaliyyətini beş dövrə bölürlər. Təbii ki, bu fəaliyyətin birinci dövrü 1944-1969-cu illəri əhatə edir. Bu, Heydər Əliyevin xüsusi xidmət orqanlarında xidməti ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Ulu Öndər yeganə azərbaycanlıdır ki, bu xüsusi xidmət orqanın ən kiçik vəzifəsindən onu idarə edən şəxsə qədər yüksəlib: “Heydər Əliyev bu orqanda fəaliyyət göstərərkən yüzlərlə azərbaycanlını ora cəlb etmiş, eyni zamanda xeyli sayda həmvətənlərimizi həmin orqanın işgəncəsindən qurtara bilmişdi. Ona görə də Ümummilli Liderin fəaliyyətinin birinci dövrü həqiqətən böyük önəm daşıyır. Bu fəaliyyətin ikinci dövrü 1969-cu ilin iyulundan başlayır. Heydər Əliyev həmin ildən Azərbaycana rəhbərlik etməyə başlayıb. Onu da qeyd etmək lazımdır ki, 1969-cu ilin martında Azərbaycan ərazisinin 4 min kv.km-i mərkəzin tapşırığı ilə Ermənistana verilmişdi. Hətta Azərbaycan Ali Soveti Rəyasət Heyəti bu barədə qərar da çıxarmışdı. Amma Heydər Əliyev hakimiyyətə gələn kimi torpaqlarımızın Ermənistana verilməsi məsələsi üzərinə xətt çəkdi. Ulu Öndər Azərbaycanda hakimiyyətə gəldiyi bu dövrdə ölkəmiz 15 müttəfiq respublika içində axırıncı yerlərdən birini tuturdu. Lakin Heydər Əliyevin gəlişi ilə hər şey dəyişdi. Hər şeydən əvvəl Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycan müttəfiq respublika olsa da, onun hərbi məktəbə ehtiyacı var. Bütün çətinliklərə baxmayaraq 1971-ci ildə Azərbaycanda C.Naxçıvanski adına hərbi məktəbin əsası qoyuldu. Bu, birmənalı olaraq Heydər Əliyevin xidməti idi”.

Deputat xatırladıb ki, Ümummilli Lider hər il minlərlə Azərbaycan gəncini SSRİ-nin ən nüfuzlu ali məktəbinə göndərib: “Orada ali təhsil aldıqdan sonra həmin gənclər Azərbaycana qayıdaraq ölkəmizin iqtisadi-siyasi həyatında uğurla çalışmağa başladılar. Heydər Əliyevin ən böyük xidmətlərindən biri 1978-ci ildə qəbul olunan Konstitutsiya idi. Ulu Öndər Azərbaycan dilini rəsmi dövlət dili kimi bu konstitutsiyada təsbit etdi. Doğrudur, çox böyük müqavimət var idi. Amma Heydər Əliyev bütün müqavimətləri qıra bildi. Təbii ki, o zaman Dərin Özüllər Zavodunun əsası qoyularkən heç kimin ağlına gəlmirdi ki, vaxt gələcək və SSRİ dağılacaq, Azərbaycan müstəqil dövlət olacaq, dənizdə neftin çıxarılması, ölkə iqtisadiyyatının inkişafı üçün bu, həlledici rol oynayacaq. Bu gün Azərbaycan Heydər Əliyevin həmin xidmətinin bəhrəsini görür. Müttəfiq respublikalar içində vaxtilə sonuncu yer tutan Azərbaycan bir müddət sonra ilk sıralarda yer tutan ölkələrdən biri oldu. Heydər Əliyevə qədər aqrar bir dövlət olan Azərbaycan Ulu Öndərin hakimiyyətə gəlişindən sonra sənaye-aqrar ölkəsinə çevrildi”.

“Heydər Əliyevin fəaliyyətinin sonrakı dövrü Sovet dövləti ilə bağlıdır. Yəni 1982-ci ildən Ulu Öndər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmaqla öz fəaliyyətini Moskvada davam etdirməyə başladı. Bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev yeganə türk-müsəlmandır ki, Sovet dövlətini idarə edib. Qorbaçovun hakimiyyəti illərində Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı və Sovet rəhbərliyi tərəfindən Ona qarşı düşmən münasibət özünü göstərdi. Heydər Əliyev 1990-cı ildə 20 Yanvar hadisəsi zamanında Sovet dövlətinin ermənipərəst siyasətini bütün dünyaya bəyan etdi və bundan sonra Naxçıvana qayıtdı. Bu da Ulu Öndərin fəaliyyətinin dördüncü dövrü idi. Heydər Əliyev olmasa idi, Naxçıvanın taleyinin necə olacağının demək çox çətindir. Çünki erməni hakimiyyəti və havadarları Naxçıvanı işğal etmək üçün bütün planları qurmuşdular. Amma Heydər Əliyev blokadada olmasına baxmayaraq Naxçıvanı qoruyub saxlaya bildi. Ulu Öndərin fəaliyyətinin sonrakı dövrü isə müstəqil Azərbaycanla bağlıdır. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, onun şirinliyini dada bilmədi. Hələ Sovet dönəminin son illərində erməni ideoloqları və onların hərbi birləşmələri Azərbaycan torpaqlarının işğalına başladılar. Heydər Əliyev Azərbaycana o vaxt gəldi ki, artıq ölkədə vətəndaş müharibəsi labüd idi. Azərbaycana gələn Heydər Əliyev qısa zamanda xalqı birləşdirdi və torpaqlarımızı işğaldan azad etmək üçün sözün əsl mənasında mübarizəyə başladı. Təbii ki, ölkə iqtisadiyyatı üçün uğurlu işlər görüldü, Əsrin müqaviləsi imzalandı. Daha sonra 1995-ci ilin Konstitutsiyası qəbul olundu, Prezident və parlament seçkiləri keçirildi. Azərbaycan bütün çətinliklərə baxmayaraq Cənubi Qafqazda öz mövqeyini qoruyub saxladı. Heydər Əliyevin 10 illik hakimiyyətində vacib addımlar atıldı.

2003-cü ildə isə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə özü qədər inandığını deyirdi. Doğurdan da 2003-cü ildə dövlət başçısı İlham Əliyevin Prezident seçilməsi ilə ölkə tarixində Heydər Əliyev dövrünün yeni mərhələsi başlandı. Bu mərhələnin mahiyyəti ondan ibarət idi ki, Heydər Əliyevin dövründə bünövrəsi qoyulmuş bütün məsələlər uğurla həyata keçirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə düşmən birmənalı olaraq Azərbaycan ərazisindən çıxarıldı və suverenliyimiz tam olaraq bərpa edildi. Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız dalğalanmağa başladı. Heydər Əliyevin siyasəti Azərbaycan xalqına uğur və xoşbəxtlik gətirdi. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev var. Nə qədər ki Heydər Əliyevin siyasəti davam etdiriləcək, bir o qədər demokratik Azərbaycan mövcud olacaq. Bu mənada Azərbaycan və Heydər Əliyev ifadələri qoşa çəkilir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə