“Şuşaya qayıdış Azərbaycanın öz torpaqlarına sahibliyinin növbəti faktı olacaq” - DEPUTAT FİKİR BİLDİRDİ

“Şuşaya qayıdış təkcə şuşalıların deyil, dünyada yaşayan bütün azərbaycanlıların sevincidir. Biz o günü səbirsizliklə gözləyirik. Şuşa bizim qürurumuz, mədəniyyətimiz, tariximizdir. Şuşada görülən işlər artıq başa çatır, insanlar rahat və müasir evlərə köçəcəklər. Uşaqların təhsili üçün məktəb, əhalinin sağlamlığı üçün xəstəxana fəaliyyət göstərir, bütün kommunal xidmətlər yüksək səviyyədədir. Eyni zamanda otellərin inşası Şuşanı mədəniyyət və turizm kimi dünyaya tanıdacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bundan sonra da bir çox beynəlxalq tədbirlərin orada keçirilməsi bir ənənə halını alacaq: “Şuşaya qayıdış Azərbaycanın öz torpaqlarına sahibliyinin növbəti bir faktı olacaq. Azərbaycan xalqı öz torpaqlarına geri qayıdacağına inanırdı. Buna dövlət başçısı İlham Əliyevin xalqın dəstəyi ilə apardığı siyasət dəlalət edirdi. Vətən müharibəsindən xeyli əvvəl qayıdış proqramı hazırlanmışdı”.

Deputat sözlərinə davam edərək bildirib ki, 44 günlük müharibədən sonra müəyyən korrektələrlə həmin proqram həyata keçirilməyə başladı: “Artıq 5 yaşayış məntəqəsində 5 mindən çox insan yaşayır. İlin sonunadək 25 yaşayış məntəqəsində 20 mindən çox keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarına geri qayıdacaq. Bu bir daha göstərir ki, Azərbaycan xalqı öz torpağına bağlıdır. Azərbaycan Prezidentinin milli maraqlarına cavab verən siyasəti öz təsdiqini tapır və zaman keçdikcə işğaldan azad olunan ərazilərdə müasir, insanların tələbatlarına cavab verən yaşayış məntəqələrinin salınması davamlı olacaq. Azərbaycan öz inkişafı ilə dünyanın diqqətini cəlb etməyə davam edəcək”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə