"ABŞ "erməni haqqını" müdafiə etmək üçün Azərbaycana böhtan atır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"30 ildən artıq Azərbaycan torpaqları erməni silahlı qüvvələrinin işğalı altında qaldı. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatını yaşamağa məcbur edildi, əmlakları yandırıldı, qarət edildi, evləri məhv edildi. Dini, mədəni və tarixi abidələrimiz ən ağır vəziyyətə salındı. O zaman ABŞ və onun Senatı nə etdi?! Azərbaycanla bağlı qərar qəbul etdi. Hansı ki bu qərarın mahiyyəti ondan ibarət idi ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır və ermənilərin vəziyyətini biz ağırlaşdırmışıq. Bu ABŞ-ın siyasəti, onun Azərbaycana və Ermənistana olan münasibəti idi. Ona görə də 30 ildən sonra Azərbaycan öz tarixi torpaqlarını hərb yolu ilə qaytararkən, o zaman da Amerika narahat şəkildə ermənilərin müdafiəsi kimi ortalığa atıldı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, bu gün də “erməni haqqını” müdafiə etmək üçün ABŞ-ın nümayəndələr palatası və dövlət katibinin köməkçisi Ceyms O'Brayn Azərbaycanı ittiham edir: "ABŞ dövlət katibi Azərbaycana böhtan atır, Ermənistana isə haqq qazandırır. 30 il Azərbaycan torpaqları işğal altında qalanda da, indi öz tarixi torpaqlarını düşmən işğalından azad edəndə də günahkar Azərbaycan olur? Bəs onda ABŞ-ın əsl sifəti harada qaldı? ABŞ-ın dövlət siyasəti harada qaldı? Siyasətdə belə haqq və ədalət olmur. Amma dünyanın bu məsələyə münasibəti necədir?!

On illərlə öz torpağından, ev-eşiyindən məhrum olan insanlar çadırlarda, vaqonlarda, susuz və səhralı yerlərdə yaşayıb. Bəs onda ABŞ nə üçün Ermənistana “Bu torpaqları sən işğal etmisən” demir? Ona görə də nə vaxtsa Amerikanın bizə münasibətdə bir ədalətli mövqeyinin olacağı şübhə altındadır. İnanmıram ki, ABŞ-ın belə bir mövqeyi olsun. Çünki tarix boyu müstəmləkəçi və işğalçı dövlətlər heç vaxt ədalətin axtarışında olmayacaq. Onlar öz maraqlarını təmin etmək üçün hər şeydən keçirlər".

Deputat sözlərinə davam edərək bildirib ki, bugün də ABŞ konqresində olan erməni lobbisi, Ermənistana xidmət edən senatorlar bu məsələni onlara sərf etdiyi kimi ictimaiyyətə çatdırmaq istəyirlər: "Onlar erməni göz yaşını ortalığa atırlar. Guya ermənilər Qarabağdan məcburi köçürülüb. Necə məcburi köçürülüb ki, bütün dünya onların könüllü getməklərinə şahid olub? Hamı görür ki, burada insan öldürülmür, heç kimə işgəncə verilmir və əmlak müsadirə olunmur. Heç bir dövlət bu səhnələrə şahid olmadı, çəkilişlərin heç birində bu vəziyyətə rast gəlinmədi, amma Amerika bunu gördü? Fransa bunu gördü?

Bu o deməkdir ki, həmin dövlətlər Azərbaycana qarşı düşmən münasibəti bəsləyir. Onların siyasəti ədalətsizdir. Ona görə də Azərbaycan öz haqq yolu ilə gedir. Bu yol ədalətli yoldur. Azərbaycanın da haqqını müdafiə edən dövlətlər var. Amma ilk növbədə azərbaycanlı özü öz haqqını görür. 10 milyon Azərbaycan vətəndaşı dəmir yumruq kimi birləşib. Çünki Azərbaycanın düşmənləri qəddar və ədalətsizdir. Ona görə də Azərbaycan 44 günlük müharibədə, ən nəhayət 2023-cü ilin sentyabrında öz problemini özü həll etdiyi kimi bundan sonra da dövlətimiz heç kimin təzyiqini qəbul etmir. Qəbul etdiyi hər hansı bir qərar da kağız üzərində olur və öz haqq yolu ilə gedir. Kim hansı böhtanı atarsa-atsın Azərbaycan bu böhtanlara baş əyməyəcək və haqq yolunu davam etdirəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə