"Qərb dairələri Azərbaycanın artan nüfuzunu həzm edə bilmir" - ŞƏRH EDİLDİ

"30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması Qərb dairələri tərəfindən demək olar ki, qəbul edilmişdi. Erməni havadarları bu prosesin uzanmasını və nəticədə Azərbaycanın bu işğal ilə barışmasını gözləyirdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə regiona turistik səfərlər edir, onlara verilmiş mandatın imkanlarından düzgün istifadə etmirdilər, Ermənistana işğalçı kimi heç bir təzyiq göstərilmirdi, BMT-nin dörd qətnaməsi yerinə yetirilmirdi. Bir sözlə, münaqişənin dondurulmasında bütün tərəflər maraqlı idi. Azərbaycan dəfələrlə münaqişənin lazım gəlsə hərb yolu ilə həll olunacağını səsləndirirdi. Qərb dairələri isə nə vaxtsa münaqişənin sülh yolu ilə həll olunacağında ümidli idilər. Amma bunun üçün real addımlar atılmırdı. Sonda Azərbaycan Ermənistan və onun havadarlarının bütün planlarını poza bildi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Deputat xatırladıb ki, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın rəşadətli ordusu, qəhrəman zabit və əsgərlərimiz canları bahasına torpaqlarımızı işğaldan azad etdilər: "Xalq, ordu və lider vəhdəti nəticə etibarilə Azərbaycanı Zəfərə gətirib çıxardı. Artıq üç ildir ki, 8 Noyabr tarixini Zəfər günü kimi qeyd edirik. 2023-cü ildə Azərbaycan silahlı qüvvələri tərəfindən lokal antiterror tədbirlərinin keçirilməsi və bir sutka ərzində separatizmin kökünün kəsilməsi, qondarma rejimin fəaliyyətinin dayandırılması suverenliyimizin bərpası ilə nəticələndi. Bugünkü gündə Qarabağ və Şərqi Zəngəzurda quruculuq-abadlıq işləri həyata keçirilməkdədir. 15 oktyabr tarixində Azərbaycan bayrağı bütün torpaqlarımızda dalğalandı. Azərbaycanın hər bir şəhərində toy-bayramdır. Bu zəfər əhval-ruhiyyəsi ilə yanaşı bizim xalqımız qəhrəman əsgərlərimizin şüacətini, şəhidlərimizi qətiyyən unutmur. Şəhid ailələri və qazilərimiz dövlət tərəfindən hər şəkildə dəstəklənir. Azərbaycan dövlətinin başçısı İlham Əliyev 20 illik prezidentlik dönəmində ilk gündən etibarən səsləndirdiyi bütün sözləri yerinə yetirib. Bu gün ölkə başçısı zəfərdən irəli gələn reallıqları uzun müddətli və dayanıqlı sülhə çevirmək niyyətindədir. Prezident təkcə Azərbaycanın deyil, eyni zamanda regionun təhlükəsizliyinin təmin edilməsi üçün yeni reallıqlar fonunda sülh üçün müxtəlif variantlar təklif edir və Ermənistanın da gec-tez bu sülhə töhfə verməsini gözləyir".

N.Həmzəyev sözlərinə davam edərək bildirib ki, ölkə rəhbəri Cənubi Qafqazda birgə yaşayışın mümkün olması üçün bütün alətləri işə salıb: "Qərb dairələri isə Azərbaycanın artan nüfuzunu, xalqın Prezidentin ətrafında sıx birləşməsini qəbul edə bilmirlər. Onların digər dövlətlərdə həyata keçirdikləri "Parçala və hökm et" siyasəti, ölkədaxili siyasətə nüfuz etməklə narazılıqlar yaratmaq istəyi Azərbaycanda baş tutmur. Azərbaycan xalqı Ulu Öndər siyasətini dəstəkləyir və cənab Prezidentə sonunadək inanır. Xüsusilə də Azərbaycan bayrağının Xankəndi və Xocalıda dalğalanması, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işləri fonunda hansısa xarici qüvvənin Azərbaycan daxilinə sirayət etməsi, ermənipərəst qüvvələrin baş qaldırması mümkün deyil. Təbii ki, ermənidən çox erməni olmaq yolunda mübarizə aparan həmin dairələrin uğur əldə etməsi mümkünsüzdür. Azərbaycan da bunu anlayır və bütün region dövlətlərinə bildirir. Azərbaycan Prezidentinin təklif etdiyi "3+3" formatında görüşlər davam etdirilməkdədir. Ermənistan müstəqil siyasət yürürmək iqtidarında olmasa da, o da dərk edir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmadan regionda Ermənistanın gələcəyi ola bilməz. Qərb dairələri öz bildiklərini etsə də, Azərbaycan regionda uzunmüddətli sülhün əldə olunmasına çalışır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə