"ABŞ Ermənistana süni dəstək mesajları verməkdən əl çəkməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Təəssüf ki, Ermənistanın havadarları hələ də onu dəstəkləməkdə davam edirlər. Bu süni dəstək Ermənistana heç də fayda gətirməyib. Əksinə, Ermənistan sülhdən daha da uzaqlaşır. Nəticə etibarilə Ermənistan həm regionda öz mövqeyini itirir, həm də ölkədəki vətəndaşlar ağır vəziyyətə düşürlər. Əslində, erməni hakimiyyəti və xalqı üçün baş verənlər mənfi haldır. Regionda Ermənistan uğrunda savaş gedir. ABŞ-da erməni diasporu Ermənistanı əldən buraxmaq istəmir. Bu vasitə ilə ABŞ Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Bu isə çox təhlükəlidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, faktiki olaraq Ermənistanın etmək istədikləri ona çox böyük zərbə vuracaq: "Eyni zamanda, Azərbaycana qarşı təzyiqləri artırmaq məqsədilə təxribatlar törətməkdə maraqlı olan bu qüvvələr nə qədər çalışsalar da, bizi mövqeyimizdən döndərə bilməyəcəklər. Azərbaycanın istəkləri gec-tez reallaşacaq. Biz bundan öncə də BMT TŞ-da Azərbaycan əleyhinə müzakirələrin təşkil edilməsinin şahidi olduq. Nəticə etibarilə bu müzakirələrdə ermənilər və onların havadarları öz istəklərinə nail olmadılar".

Deputat sözlərinə davam edərək bildirib ki, bu cür müzakirələr nəticədə Azərbaycan-ABŞ münasibətlərinə də müəyyən dərəcədə soyuqluq gətirə bilər: "Düşünürəm ki, regionun aparıcı dövləti olan Azərbaycanı itirmək ABŞ üçün heç də arzuolunan bir hal deyil. Bu baxımdan ABŞ konqresmenləri öz açıqlamalarında maksimum diqqətli olmalıdırlar. Onlar demokratiyadan dəm vurduqları halda çox vaxt qeyri-demokratik, hüquqi əsası olmayan mövqelərdən çıxış edirlər. ABŞ konqresmenləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və sülhün əldə olunmasını istəyirlərsə Ermənistana süni dəstək mesajları verməkdən əl çəkməlidir. Rusiya və ya digər qüvvələrlə olan mübarizələrini Ermənistan-Azərbaycan münasibətləri üzərindən qurmamalıdırlar. Bu, region üçün çox böyük təhlükə daşımaqdadır. Azərbaycana qarşı sərt bəyanatlar və çıxışların bizim üçün heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan regionda sülhün bərqərar olması üçün bütün qüvvələrini səfərbər edib və nəticə etibarilə öz istəyinə nail olacaqdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə