"Ermənistanın bu addımı Azərbaycana qarşı müharibə deməkdir" - HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Artıq iki aydan çoxdur ki, ermənilər sərhədlərimizdə cəmləşmə prosesi aparır. Yəni, düşmənlərimiz ağır texnika və artilleriya qurğularını hələ ki, Laçın, Kəlbəcər və Zəngilan istiqamətində yerləşdirirlər. Son zamanlar ermənilər həm İran, həm də Hindistandan bəzi silahlar əldə ediblər. Bu, o demək deyil ki, ermənilər 44 günlük müharibədə öz dağılmış ordusunun bərpasını yekunlaşdırıb”. Bu sözləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq Azərbaycan ordusu günü-gündən inkişaf edir: “Arsenalımıza həm qardaş Türkiyədən, həm də İsraildən yeni müasir silahlar, PUA-lar alırıq. Əlbəttə ki, Azərbaycan ordusu güclüdür. Son zamanlar həm Rusiya mətbuatında Mariya Zaxarovanın açıqlama verməsi, həm Paşinyanın əvvəlcə Qarabağı Azərbaycanın ərazisi olaraq tanıması və ardınca Xankəndidə erməniləri müstəqillik günü ilə əlaqədar təbrik etməsi bir növ Azərbaycana qarşı müharibənin elan edilməsi deməkdir. Biz buna imkan verməməliyik. Baxmayaraq ki, erməninin havadarları var. Cənubdan İran, şimaldan Rusiya, Avropadan isə Fransa ermənilərə böyük dəstək verir. Onlar Ermənistanı bir alət kimi istifadə edirlər və yenidən müharibənin başlaması istiqamətində addımlar atırlar. Güman edirəm ki, Azərbaycan Ordusu daxilimizdə yerləşən qeyri-qanuni silahlı birləşmələri tərk-silah etməlidir. Çünki Azərbaycan ərazisi müstəqildir və burada qeyri-qanuni silahlı birləşmələrin olması mümkünsüz olmalıdır”.

Ekspert sözlərinə davam edərək bildirib ki, ilk növbədə Azərbaycan onlar üzərində anti-terror əməliyyatı keçirməlidir: “Əgər səhəri gün Ermənistan təxribat törətsə, sərhəddə müharibə başlasa, daxildəki 10 min qüvvə təbii ki, Azərbaycan üçün təhlükə yaradır. Doğrudur, yenə də mümkün qədər bunun qarşısını alacağıq. Amma itkilərimizin sayı çox ola bilər. Son günlərdə olan gərginlik ona gətirib çıxarır ki, Azərbaycan tədbir görməlidir. Düşmən sərhədlərimizə yaxın ərazilərdə səngərlər qazır. Bu bir təxribatdır. Uzunmüddətli müharibə qeyri-mümkündür. Əlbəttə ki, Azərbaycan ilk saatlardan tədbirini görəcək və qısa bir zamanda müharibə bitəcək. Ermənistan Azərbaycana qarşı Qərb, ABŞ və başqa dövlətlərin təzyiqini artırmaq istəyir. Amma bunun heç bir nəticəsi olmayacaq.

Paşinyanın İtaliya mətbuatına "Bir ayılacağıq ki, Rusiya meydanda yoxdur" şəklində açıqlama verdiyi halda, Zaxarovanın Azərbaycana qarşı təxribatyönümlü açıqlama verməsi Rusiya ilə gələcək münasibətlərimizə vurulan bir zərbədir. Azərbaycan bunların hər birini görür və nəzərə alır. Yaxın vaxtlarda Azərbaycan Ordusu anti-terror əməliyyatına başlaya bilər. Bu, Azərbaycanın hüququdur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə