"Bil Kesidi kimi ABŞ senatorları erməni diasporundan asılı vəziyyətə düşüblər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"200-dən çox senator ABŞ konqresinə üzvdür və onlar bir çox hallarda öz davranışları ilə ermənidən çox erməni olduğunu ortaya qoyur. Araşdırdıqda məlum olur ki, bu senatorların ya həyat yoldaşları ermənidir, ya da həmin vəzifəyə seçilməklərində erməni lobbi və diasporunun xidmətlərindən bəhrələniblər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputat bildirib ki, ABŞ-dakı güclü erməni lobbisi həmin senatorların qara qaşına, qara gözünə aşiq olmayıb: "Onlardan məhz Amerikanın qlobal maraqları üçün deyil, öz maraqları üçün faydalanıblar. Nəticədə senatorlar onların seçilməsinə çox böyük maliyyə dəstəyi vermiş erməni əsilli insanlardan asılı vəziyyətə düşüblər. Bu asılılıq onların müstəqilliyinin qarşısını alır və bir çox hallarda ABŞ kimi fövqəldövlətin milli maraqlarına zidd addımlar atırlar ki, öz vəzifələrini qoruya bilsinlər. Xüsusilə də seçki öncəsi dövrdə bu fəallıq daha da artır. Nəzərə alsaq ki, 2024-cü il ABŞ-da həm prezident, həm də konqres seçkiləri baş tutacaq, ona görə də ermənipərəst konqres üzvləri və senatorların daha da fəallaşması motivlərini başa düşmək olar. Həmin senatorlardan biri də Bil Kesididir. O, Azərbaycanı Qarabağı blokadaya almaqda ittiham edir. Guya ki "Dağlıq Qarabağ"da humanitar vəziyyət günü-gündən pisləşir, Azərbaycan bu ərazidən blokadanı götürməsə insanlar acından öləcək. Görünür ki, Bil Kesidi növbəti dəfə ABŞ Konqresində senator seçilmək istəyir. Ona görə də belə fəallaşaraq erməni lobbisi və diasporunun diqqət mərkəzində olmağa çalışır".

"Hesab edirəm ki, belə senatorların ifşası istiqamətində tədqiqatlar gücləndirilməlidir. Bu istiqamətdə mühüm addımların atılmasına ehtiyac var. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin səsləndirdiyi fikirləri müdafiə edirəm. Həqiqətən də təpədən-dırnağa qədər korrupsiya bulaşmış amerikalı konqres üzvləri və senatorların fəaliyyətinin araşdırılması, beynəlxalq ictimaiyyətə çatdırılması zərurətə çevrilib. Bu yaxınlarda Robert Menendes kimi ermənipərəst konqresmen ifşa olundu. Düşünürəm ki, hələ 200-dən çox konqresmen və senatorun da ifşası üçün çox ciddi faktlar var ki, onlar tapılmalı və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır",-deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə