"Azərbaycan çarpaz atəş altındadır" - QHT SƏDRİ ŞƏRH ETDİ

“44 günlük Vətən müharibəsindən sonra Avropanın bir sıra təşkilatları Azərbaycana qarşı birtərəfli və qərəzli mövqeyi ilə seçilməkdədir. Xüsusilə, Avropa Parlamenti canfəşanlıq göstərir". Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, hal-hazırda ağrılı da olsa, sülh gündəliyi ilə bağlı gedən bir proses var: "Bu prosesdə tərəflərə bərabər məsafədə olmaqdansa, Ermənistana daha çox tərəfkeşlik etmək, eyni zamanda Azərbaycana qarşı qərəzli və əsassız iddialar irəli sürməkdədir. Bu da bir sıra suallar doğurur. Bu təşkilatlar işğal dövründə hər zaman öz susqunluqları ilə və əllərində olan təsir mexanizmlərinin Ermənistana qarşı istifadə olunmasında maraqlı olmayıblar. Amma bu gün Azərbaycanla Ermənistan arasında qarşılıqlı sülh danışıqlarının aparıldığı bir məqamda hansısa dairələr Avropa Parlamenti vasitəsilə danışıqları pozmağa, Ermənistanın mövqeyini masada gücləndirməyə çalışırlar. Maraqlıdır ki, son günlərdə Azərbaycan çarpaz atəş altındadır".

Sədr sözlərinə davam edərək bildirib ki, yalnız Qərbin deyil, həm də Rusiyanın bölgədə olan sülhməramlı kontingentinin təxribatçı hərəkətləri, eyni zamanda İranın Azərbaycanla bağlı addımları onu göstərir ki, dünyada bir-birinə zidd olan qüvvələr Azərbaycana münasibətdə eyni mövqedən çıxış edirlər: "Hesab edirəm ki, bu müəyyən qədər Türkiyədəki son hadisələrlə bağlıdır. Türkiyə hökumətinin başının bir qədər qarışıq olması, kimlərəsə fürsət verib ki, Azərbaycana qarşı hər kəs öz bildiyi formada təzyiq göstərsin".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə