"Münxen görüşü Azərbaycanın xeyrinə nəticələndi" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Münxendə keçirilən üçtərəfli görüş Amerikanın Cənubi Qafqazda vasitəçilik üzərindən proseslərə qoşulması kimi qarşılana bilər. Əslində, Ermənistan xüsusilə Fransanın proseslərdə iştirakını istəyir. Azərbaycan isə bunun əksinə Brüssel formatının qaytarılması niyyətindədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinkenin proseslərə qoşulması bizim maraqlarımıza uyğun gəlir: “Çünki biz Fransanın ermənipərəst mövqeyinə görə onun bu proseslərə qoşulmağının tərəfdarı deyilik. Amerika isə bir çox məsələlərdə bizimlə anlaşır. Xüsusilə, Qarabağın Azərbaycanın tərkib hissəsi olması və oradakı ermənilərlə Bakının vasitəçi olmadan birbaşa təmasın qurulması məsələsində ABŞ ilə Azərbaycanın fikirləri üst-üstə düşür. Bu, elə ABŞ-ın əsas təkliflərindən biridir. Mənim fikrimcə, Münxendə keçirilən görüş də bu baxımdan Azərbaycanın xeyrinə oldu”.
Politoloq sözlərinə davam edərək bildirib ki, bu görüşdə iki faktor önərildi: “Bildiyiniz kimi, Ermənistan Zəngəzur dəhlizində nəzarət məntəqələrinin qurulmasına çalışır. Cənab Prezident İlham Əliyev buna qarşı çox ağıllı bir cavab verdi. O, bildirdi ki, Zəngəzur dəhlizinin hər iki istiqamətində, o cümlədən Laçın rayonu ilə Ermənistan arasında nəzarət-buraxılış məntəqəsi quraşdırılır. Bu, əvvəl Azərbaycan tərəfindən səsləndirilən Zəngəzur və Laçın dəhlizinin eyni rejimdə işləməsi prinsipinin davamıdır. Azərbaycan bunu rəsmi şəkildə dilə gətirdi. Bu o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı maneə törədirsə, Azərbaycan da Laçın dəhlizini bağlayacaq.
Digər bir məsələ isə Qarabağdakı erməni əhalisi ilə bağlıdır. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi açıqlamalar da o yöndə idi ki, Qarabağdakı erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Oradakı nümayəndələrlə Azərbaycan tərəfi özü birbaşa qeyri-formal təmaslar quraraq inteqrasiya prosesini həyata keçirəcək. Azərbaycanın bu mövqeyi qəbul olunub. Çünki cənab Prezident İlham Əliyev Vardanyan faktoruna toxunaraq onun qəbul edilməyəcəyini dilə gətirdi. Bu baxımdan Münxen görüşü Azərbaycan lehinə nəticələndi. Bu həm də ona şərait yaradır ki, Ermənistan tərəfinin manevr imkanları tükənir. Çünki Ermənistan Rusiyanın dəstəyini ala bilmədikdə Qərb masasına üz tutur. Azərbaycan tərəfi göstərir ki, Qərb masasındakı razılaşmaların icrası ilə də razıdır. Bu isə Ermənistanın öz günahıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB