Azərbaycan Respublikasının müstəqilliyini əldə etdiyi ilk dövrlərdən 2020-ci ilin 10 noyabr tarixinə qədər qarşısında daima həlli vacib olan böyük bir milli məsələ - Qarabağ problemi var idi. Bu məsələ öz həllini tapmadığı müddətdə nə qədər böyük nailiyyətlər, uğurlar əldə olunsa da, xoş günlərin gələcəyinə əminlik ifadə olunsa da, heç vaxt xalqımız və dövlətimiz, sözün əsl mənasında, rahatlıq tapmır, Qarabağın, Şuşanın, Kəlbəcərin, Ağdamın, Laçının, Zəngilanın, Füzulinin, Qubadlının, Cəbrayılın azadlığının gələcək günləri, o torpaqlarda yenidən azan səslərinin, dövlət himnimizin sədalarının eşidiləcəyi anları həsrətlə gözləyirdi. Bu arzu artıq milli ideya mahiyyəti daşıyırdı. Bu hədəf uğrunda yaşından, cinsindən, sosial vəziyyətindən, siyasi baxışından asılı olmayaraq hər bir soydaşımız bir yumruq kimi birləşir, Vətən torpağının azadlığını bütün mövhumlardan üstün tuturdu. Nəhayət, 2020-ci ildə bu birlik möhtəşəm zəfərin əldə olunmasını təmin etdi. Bir çox beynəlxalq ekspertin, politoloqun, siyasətçinin mümkün hesab etmədiyi, böyük itkilərin olacağını əminliklə yanaşdığı Qarabağ müharibəsi cəmi 44 gün çəkdi və 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiyasını, Azərbaycan isə möhtəşəm Zəfərini elan etdi. Bununla da, artıq milli ideyamız olan Qarabağın işğalının sona çatdırılması, ərazi bütövlüyümüzün bərpası missiyası yerinə yetirildi. Həmin gündən sonra Azərbaycan xalqı və dövləti qarşısına yeni və ən az işğalın sona çatdırılması qədər çətin bir tapşırıq qoyuldu: Qarabağın və Şərqi Zəngəzurun bərpası, burada soydaşlarımızın layiqli həyat şəraitinin təmin edilməsi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu barədə demişdir: “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı.... İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir”. Bəli, bu gün “məğlub xalq” sindromundan yaxa qurtaran ölkəmiz öz yolunda daha inamla və qətiyyətlə irəliləyir. Şübhəsiz ki, hazırkı geosiyasi çaxnaşmalar fonunda özünü etibarlı tərəfdaş, regionun lider ölkəsi və sabitlik adası kimi təsdiq etmiş Respublikamız gələcəyə dair böyük ümidlər ehtiva etməkdədir.
Ölkə başçımız daim vurğulamışdır ki, işğaldan azad olunan torpaqlarda bərpa və yenidənqurma prosesi sistemli və planlı şəkildə aparılacaqdır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılmış, şəhərlərin və kəndlərin baş planları tərtib edilmişdir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoymuşdur. DP-nin hazırlanmasında qlobal trendlər və beynəlxalq normaların nəzərə alındığını da vurğulamaq yerinə düşərdi.
Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamı və strateji hədəflərə çatmaq üçün mükəmməl yol xəritəsidir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi Böyük Qayıdış Proqramı da uğurla icra olunacaqdır. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır. Bir nüansı da xatırladaq ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qarşıya qoyulan 5 hədəfdən biri məhz işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi idi ki, bu sənəd sözügedən hədəfə çatmağa da xidmət edən mühüm bir addımdır.
Həcər Ramazanova
Pirallahı rayonu, 186 №li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB