Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriyanın şimalında terror təşkilatı PKK/YPG-yə dəstək verməklə regionda sabitliyi pozmaqda ittiham edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Lavrov iddia edib ki, Vaşinqton uzun müddətdir ki, regionda “parçala və hökm sür” taktikasını dəstəkləyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı xaosa görə Vaşinqton administrasiyasını günahlandırıb. Lavrov ABŞ qüvvələrinin Fəratın şərqində qeyri-qanuni mövcudluğuna diqqət çəkib. Terror təşkilatı PKK-YPG terrorçularına toxunan Lavrov “ABŞ-ın yerləşdiyi bölgələrdə Türkiyəyə qarşı separatçı və silahlı qruplaşmalara dəstək verdiyini” söyləyib və bu vəziyyətin Türkiyəni haqlı olaraq narahat etdiyini vurğulayıb. “ABŞ Suriyada “parçala, hökm et” taktikası tətbiq edir”.

Rusiyalı nazir ABŞ-ın PKK-YPG terrorçularından həm Türkiyəyə, həm də rejim qüvvələrinə qarşı istifadə etdiyini iddia edib. Lavrov ABŞ-ın regionda “parçala və hökm sür” taktikasını çoxdan dəstəklədiyini vurğulayıb. O, Suriyadakı qeyri-sabitliyin səbəbi kimi Vaşinqton administrasiyasının siyasətini göstərib. “Türkiyə və Suriya danışıqlarını dəstəkləyirik”.

Lavrov Rusiya olaraq Astana formatında Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təkrar edərək, Türkiyənin terrordan qaynaqlanan narahatlıqlarının aradan qaldırılmasının lazım olduğunu vurğulayıb. 1998-ci ildə Ankara ilə Dəməşq arasında terrorla mübarizəyə dair Adana razılaşmasını xatırladan Rusiya xarici işlər naziri Türkiyə ilə Suriya arasında dialoqu dəstəklədiklərini bəyan edib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə