Hümbət HƏSƏNOĞLU

Londonun ən məşhur Belqraviya rayonunda yerləşən və əzəməti ilə Vindzorların saraylarına meydan oxuyan nəhəng villanın böyük və müasir mətbəxi vardı. Bu mətbəx adi günlərdə belə çoxsaylı personalı yedizdirmək üçün çoxlu təamlar hazırlayırdı.
Qonaqpərvər ev yiyəsinin çoxsaylı qonaqları olanda mətbəx kulinar fabriki kimi işləyirdi. Bu işlərə dünyanın hər yerindən dəvət olunmuş çoxsaylı aşpazlar cəlb olunmuşdu. Çindən, Yaponiyadan, Hindistandan, İtaliyadan, Fransadan olan aşpazlar Baş aşpaz ingilis Filip Kollinzin rəhbərliyi ilə kulinar şedevrləri yaradırdılar.
Filipp Kollinz villanın sahibi, milliyyətcə azərbaycanlı Ədalət Verdiyevdən çox razı idi. Bu neft milliarderi personalın maaşlarını vaxtı- vaxtında verməklə yanaşı bayramlarda onlara əlavə pul mükafatları da ayırırdı. Amma Kollinzin ingilis təfəkkürü bu filantrop maqnatın bir kulinar seçimini özü üçün heç aydınlaşdıra bilməmişdi.
İş onda idi ki, mister Verdiyev uzaq Azərbaycandan da bir aşpaz gətirtmişdi.
Bu aşpaz yalnız bir təam hazırlayırdı, vəssalam. Mister Verdiyevin tapşırığı ilə gələn aşpaz heç bir işə cəlb olunmurdu və onun hazırladığı təam bir ədəd olmaqla, sonda onun yemək masasına qoyulurdu.
Mister Verdiyevin hansı yeməklər yeməyindən asılı olmayaraq sonda ona bu azərbaycanlı aşpazın hazırladığı bir ədəd
“ blinçik” adlanan təamı verilirdi.
İşin sonunda o, azırbaycanlı aşpazı öz otağına dəvət etd, ona işinə görə təşəkkür etdi və uzun müddət ona diqqətlə baxandan sonra səsinə maksimum dost tonu əlavə edib soruşdu: Əzizim, mən Kulinariya sahəsində saç ağartmışam, dünyanın çox məşhur insanları üçün hər cür yeməklər hazırlamışam. Dünya yiyələri olan insanların kulinar nazı ilə də çox oynamışam. Sən mənə deməyə də bilirsən, əlbəttə ki, amma nəyə görə bu insan səni öz vətənindən bura yalnız bir təam, onun adı nədir, hə, blinçik hazırlamağa gətirib. Hardandır bu insanda o blinçikə belə bağlılıq? Bu işdə peşə həmrəyliyimizə güvənib sizdən soruşuram. Bir də təkrar edirəm, cavab verməyə də bilirsiniz və mən sizi anlayaram.
Azərbaycanlı aşpaz öz Şefinə baxıb, aramla, ingilis sözlərini düzgün tələffüz etməyə çalışaraq dedi: Cənab Kollinz, sizinlə işlədiyim beş ildə sizdən yalnız diqqət və hörmət görmüşəm. Cənab Verdiyevdən bu haqda mən də soruşmuşam. Mənə də maraqlı olub ki, o niyə təkcə hər dəfə cəmi bir blinçik hazırlamaq üçün məni vətəndən bura gətirib və mənim bu ölkədə bütün xərclərimi qarşılamaqla yanaşı mənə böyük məvacib də ayırıb.
Bunu öz həmvətənimdən soruşmuşam və o bu olayın səbəbini mənə danışıb.
Düşünmürəm ki, mən sizə böyük sirr açacağam. Əminəm ki, mister Verdiyev bu sirri açdığıma görə də məni məzəmmət etməz. Amma istənilən halda istərdim ki, danışdıqlarım bu kabinetdən qırağa çıxmasın.
- Mən sizə İngilis zadəganı kimi söz verirəm ki, bu söhbət aramızda da qalacaq.
- Bir daha deyirəm ki, deyəcəklərim böyük sirr olmasa da hər kəsin qulaqları üçün də deyil. İstəməzdim ki, mənim məşhur həmyerlim haqda şayiələr dolaşsın.
- Jentlemen sözü!
- Yaxşı. Mister Verdiyev mənə danışdı ki, o əslən Sumqayıt şəhərindəndir. Bu paytaxt Bakının yaxınlığında bir şəhərdir.
Mister Verdiyev atasını uşaq vaxtında itirib. Anasına və üç bacısına kömək etmək üçün uşaqlıqdan hər cür işlərlə məşğul olub. Onun 16 yaşı olanda onu bir kafeyə ofisiant kimi götürüblər. Bu iş onun ona görə xoşuna gəlib ki, onun kafedə qalan yeməklərdən müdirinin icazəsi ilə evə də aparmaq imkanı olub. Kafedə başqa yeməklərlə yanaşı blinçik də hazırlanırmış.
Onun blinçikdən çox xoşu gəlib, onların evində blinçik heç vaxt hazırlanmırmış.
Bax o, ona verilən artıq soyumuş blinçikləri evə gətirərmiş və evdə anası və bacıları blinçikləri qızdırıb həvəslə yeyərmişlər.
Anası və bacıları daha çox yesinlər deyə, o deyərmiş ki, işdə bu blinçiklərdən çox yeyir.
Nəticədə alınıb ki, o bir dəfə də olsun doyunca blinçik yeyə bilməyib.
Bəlkə bu səbəbdən blinçik onun üçün dünyanın ən yaxşı təamı olaraq qalıb.
İndi də, artıq onun dünyanın istənilən yeməyini yeyə bildiyi vaxt, o, sonda, nə yeməyindən asılı olmayaraq bir ətli blinçik yeyir..
Şef Kollinz bu azərbaycanlı aşpaza heç nə demədi, sadəcə onun başı üzərindən xəyalən harasa uzaqlara, çox uzaqlara baxdı…

Sumqayıt şəhəri,
dekabr 2023-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə