Qarabağdakı əməliyyat şəraiti ətraflı təhlil edilib - MN

Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil edilib.

SİA xəbər verir ki, bu barədə martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərliyi ilə keçirlən xidməti müşavirə zamanı qeyd olunub.

Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir.

Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti zəruri addımlar atacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə