"Onlar digər gizli yolla silah daşımaq qərarına gəliblər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Dünən Xankəndi yolunda erməni separatçıları Azərbaycan ordusunun qanun əmrinə tabe olmayaraq, maşını saxlamayıblar və ordumuzun nümayəndələrinə atəş açaraq, 2 nəfər şəhid verməyimizə səbəb olublar. Hadisənin ardından əməliyyat qrupumuz tərəfindən erməni separatçılarının üçü yerindəcə məhv edilib, bir qrupu isə yaralanıb. Ermənistandan gizli yol ilə Qarabağa silah-sursat gətirir və bura terrorçu qrupları daxil olurlar. Son dövrlər bizim ekofəallar Laçın-Şuşa yolunda aksiya keçirirlər. Bu müddətdə isə oradan terrorçular və silah-sursatın gəlməsi mümkün olmadığından, onlar digər gizli yolla silah daşımaq qərarına gəliblər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, təbii ki, bu zaman da ordumuz tərəfindən əməliyyat tədbiri keçirilərək, onlara bir neçə dəfə xəbərdarlıq edilib: "Hətta Rusiya sülhməramlılarını da bu haqda əvvəlcədən məlumatlandırmışıq ki, bu cür hadisələrin qarşısı alınmalıdır. Lakin bu addımların atılmasına hələ də davam edilir. Dünən baş verən hadisələr də bunun sübutu idi.

Ermənilər keçən il sülh sazişi bağlayacaqlarına və Azərbaycanın beş prinsipini qəbul edəcəklərinə dair söz vermişdilər. Lakin onlar verdikləri sözü yerinə yetirmədilər. Bu il onlar artıq Fransa ilə daha çox yaxınlıq edirlər. Fransa isə Cənubi Qafqazda Avropa Birliyinin diqtəsi ilə Rusiyanı sıxışdırıb çıxarmaq istəyir. Buna görə də ermənilərin sülh müqaviləsini bağlamamasını, vəziyyətin daha da gərginləşməsini istəyirlər. Hazırda Qarabağda vəziyyəti gərginləşdirmək istəyən qüvvələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasında maraqlı deyillər və burada yenidən münaqişə ocağı yaratmaq niyyətindədirlər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə