II Qarabağ döyüşlərinin iştirakçısı Məbud Əhmədovun SİA-ya müsahibəsini təqdim edirik
- Hərbi xidmətdə olduğunuz vaxt hansı vəzifədə idiniz?
- Özüm pulemyotçu, atıcı olmuşam və Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 3 noyabr Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışam.
- Sizi döyüşlərdə ruhlandıran nələr idi?
- Deməli, ilk günlər hansı ki, 26-dan 27-ə keçən gecə biz artıq yola düşdük. Yolda xalqın bizə göstərdiyi diqqət, qayğı bizi ruhlandırırdı. Onların duasını hiss edirdik. Bizi BTR-də görəndə onlar əllərini göyə açaraq dua edirdilər. Bütün bunların canlı şahidi olmuşam. Bundan başqa işğaldan azad olunan torpaqlarımızı eşidəndə daha da ürəklənirdik. Məsələn xəbər veriləndə ki, Cəbrayıl işaldan azad olunub artıq biz Fizuli və digər rayonları da azad etməyi özümüzə borc bilirdik. Allaha şükürlər olsun ki, bunun da öhdəsindən gəldik.
- Ən yadda qalan hadisə sizin üçün nə oldu?
- Hər gün bizim üçün yadda qalan idi. Amma ən çox yadımda qalan hadisə olaraq onu deyə bilərəm ki, axşam vaxtı idi və hava soyuq idi. BTR-lə qayıdanda 10-15 metrlik quyuya düşdüm. Həmin quyuda 10-15 dəqiqə qaldım. Daha sonra məni ip vasitəsilə çətinliklə də olsa oradan çıxartdılar. Bir çox hadisələr olub: mühasirəyə düşmüşük, meşənin içində qalmışıq. Hətta elə olub ki 2-3 gün ac-susuz qalmışıq, yeməyə heçnə tapmamışıq. Quzuqulağı adlanan bir bitki var. Onun üzərində olan yağış şehlərini dodaqlarımıza vururduq ki, susuzluğumuz az da olsa getsin.
- Müharibə vaxtı narahat qaldığınız bir məqam var idi?
- Əlbəttə var idi. Bizi geridə gözləyən ailəmiz, yaxınlarımız var idi. Hər an onlarda bizm üçün narahat olurdular. Vaxt etdikcə çalışırdım ki, onlarla əlaqə saxlayım və onları narahat qoymayım.
- Döyüş zamanı hansı qəhrəmanlıqlara şahid oldunuz?
- Mən istəyirəm ki, döyüş yoldaşlarımın adını çəkim və onların qəhrəmanlıqlarından danışım. İbrahim Mirzəyev düşmənin sığınacağını qumbara ilə partlatmışdı, Anar Şəhriyarov bizi mühasirədən çıxartmışdı. Bölük komandirim şəhid kapitan Azad Zeynalov Fizulu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bundan başqa əsgər yoldaşlarım şəhid İlkin Quliyev, şəhid Toğrul Hacıyev, nəşini götürdüyüm şəhid kapitan Tural Zeynalov qəhrəmancasına şəhidlik zirvəsinə ucaldılar.
- Torpağımızı işğaldan azad etmək sizdə hansı hisləri yaratdı?
- Məktəb vaxtı müəllimlərimiz həmişə bizə deyirdi ki, siz böyüyüb torpaqlarımızı azad edəcəksiz. O vaxtı bu bizə gülməli gəlirdi ki, həqiqətən də biz bunu bacara bilərikmi? Həmin şərəfli hisslər və anlar bizə nəsib oldu.
Nurcan İsmayılova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB