Xocalı qətlamından 31 il keçir...

...Düz 31 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağ müharibəsinin ən ağır hərbi cinayəti törədildi: erməni millətçilərinin təşkil etdiyi qanunsuz silahlı muzdlu dəstələrinin dəstəyi ilə Xocalıda azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdilər.

Təkrar da olsa, xatırladaq ki, həmin gün 63-ü uşaq, 106-sı qadın olmaqla 613 Xocalı sakini, o cümlədən səkkiz ailə tamamilə qətlə yetirildi.

Qeyd edilməlidir ki, onların hamısı sırf azərbaycanlı olduqları üçün həyatlarından məhrum edildilər.

Onu da xatırladaq ki, həmən vaxt 5379 nəfər şəhərdən qovulub, 487 nəfər yaralanıb, daha 1275 nəfər əsir götürülüb, 150 nəfər, o cümlədən 68 qadın və 26 uşaq itkin düşüb.

O da qeyd edilməlidir ki, Xocalıda azərbaycanlıların qətliamları Qarabağ və Ermənistandakı millətçi hərəkatın rəhbərliyi tərəfindən hədə-qorxu aktı kimi planlaşdırılmışdı. Yeri gəlmişkən, qırğın yaratmaq ideyasının müəlliflərindən biri sonradan Ermənistana rəhbərlik edən Serj Sarkisyan olub. Maraqlıdır ki, Serjik müsahibələrinin birində, “az qala şəstlə” soyqırımı törətmək ideyasının ona məxsus olduğunu və bununla da azərbaycanlılarda qorxu və vahimə yaratmaq istədiyini bildirmişdi.

Deyim ki, ermənilərin Xocalıya əsas maraqları bu rayonun strateji mövqeyə malik olması ilə əlaqədar idi. Belə ki, həmən vaxt 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə yerləşirdi. Bundan əlavə, Qarabağdakı yeganə aeroport da məhz Xocalıda yerləşirdi.

Beləliklə, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Təsadüfi deyil ki, bu hadisə, elə bu gün də XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir.

Yeri gəlmişkən, bu gün İtaliya İnsan Hüquqları Federasiyasının rəhbəri Antonio Stanqo Xocalıda dinc əhalinin kütləvi şəkildə öldürüldüyü yerdə “ölüm dəhlizi”ndən mediaya açıqlamasında baş verən hadisələrin beynəlxalq səviyyədə tanınmış sübutlarının olduğunu bildirib. Onun fikrincə, 26 fevral 1992-ci ildə baş verən vəhşilik diqqətlə qeydə alınmış, inandırıcı və danılmazdır.

Xatırladaq ki, “Xocalı: barışıq naminə tanınma” koalisiyasının nümayəndə heyəti bu gün Qarabağa gələrək Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Bundan əlavə, koalisiya nümayəndələri Xocalıdan 9,7 km aralıda yerləşən “ölüm dəhlizində” də olublar.

Onu da xatırladaq ki, erməni tərəfi bu yolun qəsəbənin mülki əhalisi üçün “humanitar dəhliz” olduğunu iddia edir. Amma “ölüm dəhlizinə” çevrilən bu marşrutda yüzlərlə Azərbaycanlı vətəndaş güllələnib.

Qeyd edək ki, italiyalı diplomat da yuxarıdakı fikirlərini həmən mərasimdə bəyan edib.

Təbii ki, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərinə hüquqi cəhətdən yanaşsaq, məlum olur ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal və xüsusi mülkiyyətdə olan əmlakın talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə, eləcə də vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurublar.

Əslində bu iş üzrə istintaq tədbirləri bu gün də davam etdirilməlidir.

Amma hələlik aparılan istintaqla müəyyən edilib ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq, misli görünməmiş qətliamlar törədiblər.

Bu arada xatırlatmaq yerinə düşər ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunduğu kimi, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Təbii ki, belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam zidd olmaqla yanaşı, insanlıq üçün də böyük ləkədir.

Kəmaləddin Həsənov,

Ədliyyə Nazirliyinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə