Yeniyetmə qızın valideynləri “Meta” şirkətini məhkəməyə veriblər

ABŞ-da 19 yaşlı qızın valideynləri fesybuk və instaqram sahibi olan “Meta” şirkətini məhkəməyə veriblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, valideynlər qızlarında azyaşlı ikən “instaqram asılılığı” səbəbindən yemək pozğunluğu və intihar düşüncəsinin yarandığını iddia edirlər.

Kaliforniya Şimal Bölgəsi üzrə Dairə Məhkəməsində şəxsi zədə ilə bağlı qaldırılmış iddiada deyilir ki, Ceff və Ketrin Spens qızları Aleksisin 11 yaşında instaqramdan istifadə etməyə başlayıb. Qeyd olunur ki, tədricən onun xarici görünüşü və başqa insanların onu necə qəbul etməsi Aleksinin psixi sağlamlığına ciddi təsir edib.

İddiada, həmçinin deyilir ki, Aleksisin sosial media platformasının istifadəsi onu “asılılığı, narahatlığı, depressiya, özünə zərər vermə, yemək pozğunluğu və nəhayət intihar düşüncəsi" ilə nəticələnib. Spens ailəsi qeyd edib ki, "Meta”nın asılılıq yaradan dizaynından emosional və maddi zərər görüblər və bununla əlaqədar "keçmiş və hazırkı" tibbi xərclər və "gələcəkdə gəlir itkisi"nə görə maddi kompensasiya tələb edirlər. Onlar, həmçinin instaqram platformasının istifadəsini yeniyetmələr üçün daha təhlükəsiz etmək naminə şirkəti daha məsuliyyətli olmağa çağırırlar.

“Meta” şirkəti öz internet saytında yetkinlik yaşına çatmayanlar üçün valideyn nəzarəti funksiyalarının işlədilməsinə istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə