Dünyanın ən qədim məscidlərindən biri İsraildə tapılıb

Çərşənbə günü israilli arxeoloqlar ölkənin cənubunda nadir qədim məscid aşkar ediblər. 1200 ildən çox yaşı olduğu güman edilən məscidin qalıqları Bədəvilərin Rahat şəhərində yeni məhəllədə aparılan tikinti işləri zamanı aşkar edilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İsrail Qədim Əsərlər İdarəsi bildirib.

Negev səhrasında yerləşən məscid “kvadrat otaqdan və Məkkəyə baxan divardan” ibarətdir və həmin divarda cənuba baxan yarımdairəvi yuva da var.

"Bu unikal memarlıq xüsusiyyətləri binanın məscid kimi istifadə edildiyini göstərir".-deyən İsrail Qədim Əsərlər İdarəsinin səlahiyyətliləri, məsciddə eyni vaxtda bir neçə ibadətçinin yerləşdiyini də qeyd ediblər.

Qeyd edildiyi kimi, məsciddən bir qədər də uzaqda, sakinlərinin sərvətini göstərən qab-qacaq qalıqları və şüşə əşyaların olduğu "dəbdəbəli mülk" də aşkar edilib.

Xatırladaq ki, hələ üç il əvvəl yerli səlahiyyətlilər, eramızın VII-VIII əsrlərinə aid başqa bir məscidin yaxınlığında qazıntı apararaq, iki İslam məbədini “bütün dünyada tanınan ən qədim məbədlər arasında” adlandırmışdılar.

Yaxınlıqda tapılan məscidlər, mülklər və digər evlər “yeni dinin - İslam dininin, eləcə də bölgədə yeni hökumətin və mədəniyyətin yaranması ilə şimal Negevdə baş verən tarixi prosesi işıqlandırır”.

Bunu da İsrail Qədim Əsərlər İdarəsi bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə