“İlin avropalı ixtiraçısı” estonlar olacaq?

Estoniyalı alimlər Yaan Leys, Mati Arulepp və Anti Perkson fosil yanacağından ekoloji enerjiyə keçməyə imkan verən superkondensatorlar üçün müstəsna karbon materialının hazırlanmasına görə “İlin avropalı ixtiraçısı” mükafatına namizəd olublar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Patent Ofisi yayıb.

Bildirilib ki, estoniyalı alimlərdən ibarət üçlüyün məşhur ixtirası enerjini toplayan və buraxan cihazların, superkondensatorların udma, saxlama, çıxış gücünü və enerji sıxlığını artıran əyri qrafen adlı material olub. Onlardan elektrikli nəqliyyat vasitələrinin sürətləndirilməsi və yavaşıdılaması kimi bir çox sürətli doldurma və boşalma dövrlərinin tələb olunduğu hallarda istifadə olunur. Əyri qrafenli superkondensatorlar cəmi 15 saniyə ərzində tam doldurulur, bir milyondan çox doldurma dövrünə tab gətirir və ekoloji cəhətdən təhlükəli materialları özündə ehtiva etmir.

Qeyd edilib ki, ixtiranın Estoniyada bazara çıxarılması üçün superkondensator istehsal edən “Skeleton Technologies” şirkəti təsis edilib. Şirkətin təsisçiləri sırasına Y.Leys və A.Perkson da daxil olub. 2018-ci ildə “Skeleton Technologies” şirkəti Almaniyanın Manheym, Heydelberq və Lüdviqshafen şəhərlərində superkondensatorla işləyən tramvayları sınaqdan keçirməyə başlayıb. Şirkətin verdiyi məlumata görə, əyləc enerjisini toplayan və sürətləndirmə zamanı onu buraxan superkondensatorlar elektrik enerjisinə 30 faizə qədər qənaət etməyə imkan verir.

“Estoniya alimləri tərəfindən hazırlanmış texnologiya alternativ enerji mənbələrinin effektivliyini artırır. Onların uğuru iyirmi illik ardıcıl irəliləyişlərə əsaslanır və innovasiyaya davamlı investisiyanın enerjinin saxlanması kimi bütün sənayeni necə stimullaşdıra biləcəyini göstərir”, - deyə Avropa Patent Ofisinin prezidenti Antoniu Kampinos bildirib.

Qeyd edək ki, “İlin avropalı ixtiraçısı” innovasiyalar sahəsində ən nüfuzlu mükafatlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...