Doğrudan da, bu, bir uğurdan daha çox problemdir?

Vunderkindlər barədə bilmədikləriniz..?

...Gəlin, əvvəl vunderkind sözünün nə məna kəsb etdiyinə diqqət çəkək. Beləliklə, elmi mənbələrdə vunderkind sözünün alman sözü olub vunder-möcüzə, kind-uşaq olduğu göstərilir. Onu da deyim ki, bu söz leksikonumuza 1960-70-ci illərdən daxil olub. Belə uşaqlar yüksək hafizə, intellekt və istedada malik olanlardır. Bu cür uşaqlar kiçik yaşlarından öz zəkaları ilə hər kəsi heyrətləndirir, həmyaşıdlarından seçilir, təhsildə yüksək nəaliyyətlər əldə edirlər.

Təbii ki, mən bizlərdə belə uşağa sahib olan valideynlər onunla qürur duyduqlarını istisna etmirəm. Amma sən demə, burada da bir balaca “əmma” varmış.

Məsələn, bu günlərdə Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin professoru Viktoriya Yurkeviç belə bir açıqlama verib: “…əgər uşaq inkişafda həmyaşıdlarından on il qabaqdırsa, bu, bir uğurdan çox problemdir”.

Rusiyalı professorun sonrakı fikirlərinə diqqət yetirək:

“...Əgər sizin uşağınız öz həmyaşıdlarından daha sürətli qavrayıb öyrənməsi onun xüsusi istedada malik olmasına dəlalət eləmir. Bəlkə ola bilsin ki, onun yaxşı, hətta gözəl bir hafizəsi var, amma onun bu günlər üçün heç bir faydası yoxdur. Məsələ ondadır ki, gərginlik olduqda beyin yaxşı inkişaf edir. Və hər şey asanlıqla gəlirsə, yəni qavranılırsa, bu zaman lazımi inkişaf baş vermir. Buna görə də bəzi uşaq möcüzələri üçün sürətlənmiş inkişaf səthi olur. Anlamaqdan daha çox xatırlamaq daha asandır. Bu səbəbdən bir uşağın nə qədər asan və tez öyrəndiyi, ondan hansı mütəxəssisin və ya alimin çıxacağı haqqında çox az şey söyləyir”.

...Nə demək olar, necə deyərlər, professor xanım saçını bu sahədə ağardıb. Amma bu gün, doğrudan da, 5 yaşlı uşağın istedadı onun 20 yaşında da özünü göstərəcəyinə heç kim zəmanət verə bilməz. Bu isə reallıqdır...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə