Pilinq - hər bir dəri növü və hər yaş dövrü üçün uyğun olan unikal prosedurdur. SİA xəbər verir ki, əgər, dəridə problem varsa, o zaman bu proseduru yetkinlik dövründən başlamaq olar. Dəri təmiz olduqda, 25 yaşa qədər bu prosedurun 2 dəfə edilməsi kifayət edir.

Pilinq sözü - qabıq vermək kimi tərcümə olunduğuna görə, dərinin təmizlənməsi mənasına gəlir. Pilinqin bir neçə növü mövcuddur: yüngül, orta və dərin pilinq.

Yüngül pilinq - meyvə turşularının əsasında baş verir. Proses turşu məhlulunun dəriyə 1 qat sürtülməsi ilə baş verir. Lakin bu turşu məhlul məişətdə istifadə olunan turşular deyil, kosmetologiyada istifadə olunan populyar meyvə turşularıdır. Bunlardan: limon, badam, salisil, süd, retionel və s. kimi turşu məhlullarıdır.

Əgər dəri sağlam və cavandırsa pilinq dəri hüceyrələrinin yenilənməsi üçün edilir. Dəridə yaranan ölü hüceyrələrin balaca ölçüdə olmasına baxmayaraq, onları təmizləmədikdə, məsamələrin tutulması baş verir. Bu isə təbii ki, dərini nəfəs almağa qoymur, nəticədə dəri qalın və kobud olur, dərinin rəngi boğulur və o , xəstə və solğun görkəm alır.

Dərinin sağlam vəziyyətdə saxlanılması üçün ildə 2 dəfə meyvə turşulu pilinq kifayət edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə