Tərtərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov və başqaları çıxış edərək daxili işlər orqanlarına Ulu Öndər Heydər Əliyevin göstərdiyi böyük diqqət və qayğıdan danışıblar. Bildirib ki, Azərbaycan polisi bir əsrdən artıq şərəfli tarixi yol keçib. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının gücləndirilmiş peşəkar kadr özəyi yaradılıb. Ulu Öndər həmişə polis əməkdaşlarının əməyinə yüksək qiymət verib. Məhz Ümummilli Liderin 1998-ci il 24 may tarixli Fərmanı ilə iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ümummilli Lider daxili işlər orqanları əməkdaşları qarşısında üç tələb qoymuşdu: intellektual səviyyəni yüksəltmək və peşəkarlığın dünya standartları səviyyəsinə çatdırılmasına nail olmaq, dünyanın ən qabaqcıl ölkələrinin müvafiq orqanlarının istifadə etdiyi ən müasir tехnologiyalara yiyələnmək və nəhayət, Vətənə, dövlətə sadiq olmaq.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu indi Prezident İlham Əliyev tərəfindən uğurla davam еtdirilir. Hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rütbələr, fəxri fərman, təşəkkürnamə və pul mükafatı təqdim olunub. Rayon Polis şöbəsi tərəfindən şəhid olan polislərin ailələrinə maddi yardım edilib.
Sonda tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramına baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB