Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş "Qaliblər"
İyunun 20-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Qaliblər" tədbiri keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın siyasi-ictimai, dövlət və incəsənət xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, həmçinin bir çox ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəmanların və Türkiyədə baş verən zəlzələ qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin təşkilatçıları Elşad Məhərrəmov, Burhan Şahıyev və Lalə Qəzənfər, Milli Məclisin deputatları Aydın Hüseynov, Vüqar İskəndərov, Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, MMA Federasiyasının prezidenti, Olimpiya çempionu Azad Əsgərov, Azərbaycan-Ukrayna beynəlxalq alyansının sədri Elmar Məmmədov və başqaları çıxış edərək, dünyasəviyyəli siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyət olduğunu bildirib, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu diqqətə çatdırıblar.
Ulu Öndərin 100 illik yubileyinin ərazi bütövlüyü bərpa olunmuş, qalib ölkə kimi qeyd edilməsindən qürur duyduqlarını bildirən natiqlər qalib Ordunun qurucusunun da məhz Heydər Əliyev olduğunu bildiriblər. Vurğulanıb ki, Ulu Öndərin ordu quruculuğu, eləcə də digər sahələrin inkişafına yönələn fəaliyyəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, Ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı və ən əsası, döyüş ruhunun yüksək olması nəticəsində 30 illik işğala 44 gündə son qoyulduğu diqqətə çatdırılıb. Qəhrəman Vətən oğullarının şərəfli döyüş yolunun təbliğ olunmasının, gələcək nəsillərin onları örnək götürərək böyüməsinin vacibliyi vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Vətən müharibəsi qaziləri Zakir İmanov, Rəşad Novruzov, Vidadi Əliyev, Məbud Əhmədov dövlətimizin daim şəhid ailələri və qazilərə diqqət və qayğı göstərdiyini, ərazi bütövlüyümüz uğrunda canlarından keçənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görüldüyünü, qədirbilən xalqımızın əbədiyyətə ucalan qəhrəmanları və onların yadigarlarını unutmadığını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə mahnılar səsləndirilib, şəhid və qazi övladlarının, Ukraynadan gələn azərbaycanlı ailələrin uşaqlarının çıxışlarına yer verilib, o cümlədən Vətən müharibəsinə, Türkiyədəki zəlzələ zamanı baş verən hadisələrə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbir mükafatlandırma mərasimi ilə yekunlaşıb.
Qeyd edək ki, jurnalist, teleredaktor Lalə Qəzənfərin ideyası olan "Qaliblər" uşaqların dilindən qalib ölkənin qalibləriyik mənasını ifadə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB