İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova çıxışında Ümummilli Liderin 1993-cü ildə parlamentin sədri kimi fəaliyyəti haqqında danışıb. O deyib ki, ümummilli liderlər xalqların milli fəlakətlər, mənəvi sarsıntılar ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. Bu fikrin doğruluğunu Ulu Öndər Heydər Əliyevin fəaliyyəti də sübut edir.
Parlamentin sədri diqqətə çatdırıb ki, Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidləri doğrultmuşdur. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini iyirminci yüzillikdə layiqincə davam etdirmiş və zənginləşdirmişdir.
Sahibə Qafarova bildirib ki, Heydər Əliyev dünya miqyaslı siyasi və dövlət xadimi idi. Onu dünyanın ən böyük siyasətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər xalqımızın siyasi varlığını qoruyub saxlamış və xoşbəxt gələcəyinin möhkəm təməlini yaratmışdır. Heydər Əliyevin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür çətinliklərə dözmək nümunəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri haqqında belə demişdir:
“Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir.
...Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.
Milli Məclisin sədri Sahibə Qafarova vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Ölkəmizdə qurulmuş hüquqi dövlətin bütün elementləri ilə yanaşı, Konstitusiyamız da, Milli Məclis də onun yaradıcı zəkasının bəhrələridir. Azərbaycan parlamentinin üzvləri olaraq biz bu gün fəxr edirik ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı, xilaskarlıq missiyası məhz bu binada başlanmışdır.
Spiker öz çıxışında qeyd edib ki, Ümummilli Liderimiz 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və dörd aya yaxın bu vəzifədə çalışmışdır. Onun Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizin qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı. Heydər Əliyevin parlamentə rəhbərliyi Milli Məclisə siyasi mədəniyyət gətirdi, qanunvericilik orqanının ruhunu kökündən dəyişdi. Parlament ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Ulu Öndərin sədrliyi dövründə parlamentin 20 iclası keçirilmiş, ölkənin ictimai-siyasi həyatı üçün son dərəcə böyük önəm daşıyan 96 qanun və qərar qəbul edilmişdir.
Spiker Sahibə Qafarova 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə o vaxtkı dövlət başçısı Əbülfəz Elçibəyin müəmmalı şəkildə Bakını tərk etdikdən sonra Milli Məclisin müraciət qəbul edərək onu təcili Bakı şəhərinə, öz iş yerinə qayıtmağa və Konstitusiya səlahiyyətlərini həyata keçirməyə dəvət etdiyini söyləyib. O, bildirib ki, bu müraciətə məhəl qoyulmadığına görə iyunun 24-də Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə keçməsi barədə qərar qəbul etdi. Bu qərar ölkədə cərəyan edən ictimai-siyasi proseslərin dövlətin tam nəzarəti altına alınması baxımından çox əhəmiyyətli idi.
Spiker qeyd edib ki, 1993-cü il avqustun 17-də Heydər Əliyevin sədrliyi ilə Milli Məclis iki günlük müzakirələrdən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda baş verən hadisələrə münasibətini bildirərək bu barədə geniş qərar qəbul etdi. Bunun ardınca görülən qətiyyətli tədbirlər nəticəsində bölgədə separatçılıq hərəkətlərinə son qoyuldu.
O, vurğulayıb ki, müstəqil dövlətimiz üçün ən böyük təhlükə mənbəyi olan vətəndaş müharibəsi məhz Heydər Əliyevin parlamentə rəhbərliyi dövründə aradan qaldırılmış, ordu quruculuğunda, ictimai-siyasi sabitlik yaradılması yolunda ilk addımlar atılmışdır.
Sahibə Qafarova öz nitqində bildirib ki, 1993-cü il oktyabrın 3-də xalqın yekdil iradəsi ilə Prezident seçildikdən sonra Heydər Əliyev dövlətimizin digər təsisatları ilə yanaşı peşəkar parlamentinin də formalaşdırılması işində həlledici rol oynamışdır. Ulu Öndər dəfələrlə Milli Məclisin iclaslarında iştirak etmiş, qanunvericilik işinin səmərəsini artırmaq üçün öz dəyərli məsləhətlərini vermişdir. Müstəqil dövlətimizin hüquqi bazasının yaradılıb inkişaf etdirilməsində də Ulu Öndərin əvəzsiz rolu olmuşdur. Ümummilli Liderimizin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr üzrə yüzlərcə qanun, qərar və digər aktlar qəbul olunmuşdur. O, qeyd edib ki, dəfələrlə parlament Heydər Əliyevin təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur.
Parlamentin sədri Ulu Öndərin başladığı bütün işlərin onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini, Ümummilli Liderin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində dövlətimizin günbəgün daha da inkişafını vurğulayıb.
Sahibə Qafarova 2020-ci ilin sentyabr–noyabr aylarında Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü və hərbi Qələbəsinin xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdığını söyləyib. O, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalətin bərpa olunduğunu qeyd edib.
Ötən dövrdə Milli Məclisdə Ulu Öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir sıra kitabların hazırlanıb nəşr edildiyini, sənədli filmlərin çəkildiyini deyən Sahibə Qafarova diqqətə çatdırıb ki, Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Milli Məclisdə Heydər Əliyevin fəaliyyətinə həsr edilən növbəti kitab hazırlanıb bu günlərdə çap olunub. Sədr deputatlara təqdim edilmiş nəfis tərtibatlı bu yeni kitabın üç cilddən ibarət olduğunu söyləyib.
Parlamentin sədri Ulu Öndərin 100 illik yubileyi münasibətilə Milli Məclisin arxiv materialları əsasında “Heydər Əliyev – zamanın fövqündə” adlı sənədli filmin də çəkildiyini nəzərə çatdırıb. O qeyd edib ki, bu film Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində gördüyü möhtəşəm işləri işıqlandırır. Filmdə Ümummilli Liderin 11 çıxışından fraqmentlər tamaşaçılara ilk dəfə təqdim olunur.
Milli Məclisin sədri bildirib ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclasında xarici ölkələrin parlament sədrləri, sədr müavinləri, parlament üzvləri, beynəlxalq parlament təşkilatlarının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak etmişlər. Otuz üç nəfər xarici qonaq Ulu Öndər haqqında düşüncələrini bölüşmüşdür. O, həmin iclasın stenoqramının qısa müddətdə hazırlanıb ayrıca kitab şəklində çap edildiyini söyləyib. Eyni zamanda, yubiley münasibətilə “Milli Məclis” jurnalının xüsusi buraxılışının çapdan çıxdığını qeyd edib. Bu iki nəşrin də deputatlara təqdim olunduğunu deyib.
İclasda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən, Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanmış “Heydər Əliyev - zamanın fövqündə” adlı sənədli film nümayiş etdirilib. Film alqışlarla qarşılanıb.
Sonra çıxış edən Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin Azərbaycana həm sovet dövründə, həm də müstəqillik illərində rəhbərlik etməsinin ölkəmizin tarixində tutduğu taleyüklü rolundan söz açıblar. Qeyd olunub ki, Heydər Əliyev xalqı tarixin ən ağır sınaqlarından çıxararaq Azərbaycanın tərəqqisinə nail olmuş böyük şəxsiyyət və dahi liderdir.
Vurğulanıb ki, Ulu Öndər həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində güclü Azərbaycan yarada bildi. Heydər Əliyev sovet Azərbaycanına rəhbər təyin olunduqdan bir müddət sonra Azərbaycan artıq SSRİ-də ən sürətlə inkişaf edən, güclü iqtisadiyyata, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. O vaxtlar üçün bu nəticə möcüzə sayılırdı, çünki SSRİ iqtisadiyyatı elə planlaşdırılmışdı ki, Rusiyadan başqa heç bir respublika özü-özünü təmin edə bilməsin və müstəqil olmaq fikrinə düşməsin. Millət vəkilləri bu cəhətdən 80-ci illərin sonunda Azərbaycanda milli-azadlıq hisslərinin formalaşmasında Heydər Əliyevin və onun yaratdığı iqtisadi potensialın müstəsna və həlledici rolunu xüsusi qeyd ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəli ölkənin səbatsız rəhbərliyinin fəaliyyəti nəticəsində yenidən dağılmağa, iflas olmağa başlayan Azərbaycanı Heydər Əliyev artıq 2-ci dəfə, bu dəfə müstəqil olmağı bəyan etmiş Azərbaycanı yox olmaqdan qurtardı və müstəqilliyimizi daimi, dönməz və əbədi etdi. O, 1993-cü ildən Azərbaycana rəhbərlik etməklə sonrakı 10 il ərzində Azərbaycanın əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi.
Çıxışçılar diqqətə çatdırıblar ki, ictimai, siyasi, iqtisadi, sosial, mədəni, humanitar həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin sözü, əməli, imzası olmasın. Heydər Əliyev həm də Azərbaycan parlamentarizminin müasir əsaslarını formalaşdırmış, parlament davranışı və mədəniyyəti ənənəsini yaratmış böyük dövlət xadimidir. Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri də məhz milli iradəni ifadə edən siyasi xəttin davamlılığını Prezident İlham Əliyevin timsalında təmin etməsi oldu.
Ulu Öndərin başladığı müqəddəs yol onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dahi Heydər Əliyevin siyasi kursu bizi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinə - Böyük Zəfərin Şuşa ucalığına gətirib çıxarıb.
Çıxışçılar vurğulayıblar ki, öz müstəqilliyi və qüdrəti ilə dostları sevindirən, düşmənləri məyus edən, Qarabağı azad edən, bayrağını Şuşada qürurla dalğalandıran bugünkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir, onun layiqli davamçısı müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir.
Sonra iclasda deputat Səbinə Xasayeva Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını səsləndirib.
Bəyanat deputatlar tərəfindən alqışlarla qarşılanıb və səsə qoyularaq qəbul edilib.
Sonda Sahibə Qafarova bu əlamətdar gün münasibətilə deputatları, media nümayəndələrini təbrik edib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB