Ümummilli Liderin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans

İyunun 1-də Bakıda Azərbaycan Respublikası Milli Məclisinin, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) və MDB PA-nın Assambleya Şurası Katibliyinin Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi” mövzusunda keçirilən beynəlxalq konfransa MDB PA DİMBİ-nin Bakı filialının direktoru Ramin Rzayev moderatorluq edib.

Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov parlamentin sədri Sahibə Qafarovanın salamlama nitqini təqdim edib. Sədr salamlama nitqində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq konfransın mövzusunun indiki dövrün çağırışları şəraitində aktuallığını və vacibliyini vurğulayıb. Xalqımızın milli sərvəti olan multikulturalizm ənənələrinin Heydər Əliyevin rəhbərliyi dövründə dövlət siyasəti səviyyəsinə qaldırıldığını diqqətə çatdıran Milli Məclisin sədri Ulu Öndərin Azərbaycanın tolerantlığının qorunub saxlanması istiqamətində fəaliyyətindən söz açıb. Müraciətində Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət siyasətinin bu gün bütün sahələrdə uğurla davam etdirildiyini bildirən Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş tədbirlər sayəsində ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanındığını vurğulayıb. Azərbaycanın dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, müxtəlif dinlərə etiqad edən insanların mənəvi dəyərlərinin qorunmasına və inkişafına əsaslanır.

Sonra Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi, MDB PA Şurası Baş katibinin müavini Aydın Cəfərov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri, MDB PA Şurasının sədri Valentina Matvienkonun və MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitri Kobitskinin salamlama nitqlərini tədbir iştirakçılarına çatdırıb.

Müraciətlərdə Heydər Əliyevin liderlik keyfiyyətlərinin, uzaqgörən siyasətinin və böyük şəxsiyyətinin həm sovet dövründə, həm də Azərbaycanın ən taleyüklü məqamlarında özünü qabarıq şəkildə göstərdiyi qeyd olunub, Ulu Öndərin siyasi iradəsi nəticəsində Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrinin hüquqi və siyasi müstəvidə yenidən bərpa edilməsi vurğulanıb.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin öz uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın əsrlər boyu formalaşan çoxmədəniyyətlilik və tolerantlıq ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə yüksəltməsindən söz açıblar, onun multikulturalizm və tolerantlıq siyasətindən, milli-mənəvi və əxlaqi dəyərlərin qorunmasına həssas münasibətindən bəhs ediblər, Ulu Öndərin həyatı, dövlət xadimi kimi fəaliyyəti haqqında fikirlərini bölüşüblər, Ulu Öndərin siyasi irsinin və təcrübəsinin MDB ölkələri və dünya üçün əhəmiyyətini vurğulayıblar.

Konfransın sonunda “Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev – 100 il” mövzusunda məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Beynəlxalq konfransda Milli Məclisinin deputatları, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya parlamentlərinin nümayəndələri, TÜRKPA-nın, MDB PA-nın məsul şəxsləri, bir sıra səfirliklərin, müxtəlif nazirlik və qurumlarının təmsilçiləri, ölkəmizin bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə