Sərbəst güləş üzrə açıq rayon turniri keçirilib - FOTOLAR

27 may 2023-cü il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında açıq rayon turniri keçirilib. SİA xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə Qazax rayonundan - 3 komanda, Ağstafa rayonundan - 2 komanda və Bakı Pəhləvan İdman Klubu komandalarından 127 nəfər 2011-2012-ci il təvəllüdlü yeniyetmə güləşçilər mübarizə aparıb.

Yarış başlamamışdan əvvəl təşkilatçılar, qonaqlar və rayon rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini hörmət və ehtiramla andılar. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu, onun böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən sərgi və fotostendlə də tanış oldular.

Sonra Qazax Olimpiya İdman Kompleksində yarışın açılış mərasimi keçirildi. Dövlət himnimizin səsləndirilməsindən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Əvvəlcə Qazax rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi Sahib Namazov çıxış edərək yarış iştirakçılarını salamladı və onlara uğurlar arzuladı.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Sərdar Orucov Qazax Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun adından yarış iştirakçılarını salamlayaraq, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublika idmanının inkişafı yolunda yorulmaz fəaliyyətindən və əldə olunan nailiyyətlərdən geniş söz açdı. Ümummilli Liderin idmana və gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq onun əziz xatirəsinə həsr olunmuş yarışda iştirak edən idmançılara uğurlar arzuladı.

Daha sonra Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində göstərdiyi misilsiz xidmətlərdən, onun böyük xilaskarlıq missiyyasından, gənclərə və idmana göstərdiyi diqqət, qayğıdan və bu gün bu siyasi kursun, dəsti - xəttin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən ətraflı bəhs etdi. Rayon Təşkilatının sədri 28 May - Müstəqillik günü münasibətilə idmançıları təbrik edərək, onlara uğurlar arzuladı.

Yarışda 1- ci, 2 - ci və 3 - cü yeri tutan idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif olundular.

Bütün xəbərlər Facebook səhifəmizdə