Ulu Öndərin 100 illiyi münasibətilə Aşqabadda yüz ağac əkilib

Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Aşqabadda silsilə tədbirlər davam etdirilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildiriblər ki, mayın 26-da Aşqabaddakı diplomatik şəhərciyin ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada Aşqabadda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, ekofəallar, ictimaiyyət və mətbuat nümayəndələri, soydaşlarımız, səfirlik kollektivinin ailə üzvləri iştirak ediblər.

Səfir Həsən Zeynalov cari ilin mayında Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasət və dövlət xadimi, Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün tamam olduğunu bildirib. Bu münasibətlə Azərbaycan Prezidentinin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyi diqqətə çatdırılıb.

Heydər Əliyevin əziz xatirəsinin Azərbaycanda olduğu kimi, Türkmənistanda da daim ehtiramla anıldığını deyən diplomat “Heydər Əliyev İli” ilə bağlı ölkəmizdə və ondan kənarda müxtəlif kütləvi tədbirlərin keçirildiyini bildirib.

Heydər Əliyevin hər zaman ətraf mühitin qorunması və şəhərlərin yaşıllaşdırılması məsələsinə xüsusi diqqət göstərdiyini xatırladan bu gün Azərbaycandakı təbiət qoruqlarının, park və yaşıllıq sahələrinin əksəriyyətinin Ümummilli Liderin adı ilə bağlı olduğunu diqqətə çatdı.

Sonra Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar yüz ədəd palıd fidanı əkilib.

Bildirilib ki, palıd ağacı uzunömürlülük və güc-qüvvət rəmzi sayılır. Ulu Öndərin 100 illik yubileyi münasibətilə əkilən palıd ağacları da əsrlərə söykənən, sarsılmaz Azərbaycan-Türkmənistan qardaşlığının və dostluğunun rəmzinə çevriləcək.

Ağacəkmə aksiyasından sonra qonaqlar səfirliyin binasında çay süfrəsinə dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə