Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi

"Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 23-də YAP Xətai rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, YAP-ın mətbuat xidmətindən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızılgül dəstələri düzüb, əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin çox sevdiyi “Azərbaycan” şeiri ifa edilib, dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini, Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə geniş təhlillər aparılaraq gənc nəsillərə çatdırıldığını bildirib. Vurğulanıb ki, Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin miqyası, müasir dövrümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev vurğulayıb ki, dahi şəxsiyyət Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradıb. Məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir.

Ulu Öndər Heydər Əliyevin həqiqətən dahi insan olduğunu vurğulayan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, Ümummilli Liderin yorulmaz fəaliyyəti sayəsində respublika çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdan qabaqcıl mövqelərə çıxıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasından, ölkəmizin dünyada söz sahibinə çevrilməsindən geniş bəhs edib. Bildirib ki, bu gün ən yüksək zirvələri fəth edən Azərbaycan tarixi Zəfəri ilə yaratdığı reallıqlar əsasında regionda və dünya siyasətində yeniliklərə imza atır.

Digər çıxış edənlər - Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov, Vətən Müharibəsi Qəhrəmanı, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan Anar Mirzəyev Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycanın qazandığı uğurlardan bəhs ediblər. Vurğulanıb ki, məhz əsas prioritetlərin düzgün müəyyənləşdirilməsi Azərbaycanın bugünkü uğurlarının əsasıdır.

Çıxışlardan sonra Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş inşa-yazı və idmanın müxtəlif növləri üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb. Həmçinin YAP Xətai rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir qrup üzvə fəxri fərmanlar və təşəkkürnamələr, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii proqramla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə