Ulu Öndərin xatirəsinə həsr olunmuş ağacəkmə tədbirləri keçirilib - FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirib. SİA xəbər verir ki, Bakı şəhərinin Qaradağ və Sabunçu rayonlarında, Sumqayıt şəhərindəki 13-cü mikrorayonda, Abşeron rayonunda və Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərində keçirilən aksiyalarda Dövlət Komitəsinin rəhbər işçiləri və sakinlər iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təbii sərvətlərin mühafizəsinə, onlardan səmərəli istifadə olunmasına, ekoloji mühitin sağlamlaşdırılmasına xüsusi diqqət yetirdiyi minnətdarlıq hissi ilə xatırlanıb. Ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, soydaşlarımızın təmiz ekoloji şəraitdə yaşaması prioritet kimi müəyyənləşdirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunması istiqamətində mühüm tədbirlər görülür.

Aksiya iştirakçıları işğaldan azad olunmuş ərazilərdə ekologiyaya ağır zərbə vurulduğunu, təbii sərvətlərimizin vandallar tərəfindən məhv edildiyini qeyd ediblər. Məcburi köçkünlər dövlətin diqqəti və dəstəyi ilə doğma yurdlarının əvvəlki gözəlliyini bərpa edəcəklərini, ekoloji tarazlığın inkişafına töhfə verəcəklərini bildiriblər.

İndiyədək keçirilmiş aksiyalar zamanı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin ərazisində yüzlərlə şam və zeytun ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə