Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Bu münasibətlə dövlət qurumları və bir sıra təşkilatlar, o cümlədən, ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu kimi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Yeni Azərbaycan Partiyasının nümayəndələri də Fəxri Xiyabana gələrək Ümummilli Liderin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi alınıb, məzarı üzərinə tər güllər düzülüb.
“SƏS” TV olaraq biz də bu gün Fəxri Xiyabanda olduq və ziyarətçilərin Ulu Öndər Heydər Əliyev ilə bağlı fikirlərini öyrəndik.
Ziyarətdən sonra YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub: “Bu il ərzində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu kimi müasir tariximizdə özünəməxsus yer tutan böyük şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev istər keçmiş Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və tərəqqisi üçün misilsiz xidmətlər göstərib: “Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir. Bu gün də Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır”.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirib. Ona görə də bu gün Azərbaycan xalqı böyük qürur və fəxarətlə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabana axın edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edir”.
Daha sonra Milli Məclisin deputatı Hikmət Babaoğlu da Ümummilli lider Heydər Əliyevlə bağlı fikirlərini bildirib. "Azərbaycan xalqı bu gün böyük minnətdarlıqla Ulu Öndərin 100 illik yubileyini qeyd edir. Əlbəttə ki, xalqın yaddaşı ən obyektiv tərəzidir. Bugünkü gündə Azərbaycan xalqının Fəxri Xiyabana gəlməsi və öz Ümummilli liderini yad etməsi milli yaddaşımızda Heydər Əliyevin hansı obraza sahib olduğunun göstəricisidir. Bu , quruculuq obrazı, Qarabağın azad olunmasına gedən yolun təməlini qoyan obraz, qüdərtli Azərbaycanı təyin edən obrazdır. Azərbaycan xalqı yaşadıqca Ulu Öndərimizin əziz xatirəsi də yaddaşımızda əbədi olaraq qalacaqdır. Bu il artıq onun dünyasını dəyişməsindən 20 il ötür. Amma əminəm ki, 200 il keçsə belə Azərbaycan xalqı eyni ehtiramla Ulu Öndərin məzarını ziyarət edəcək. Ona görə ki onun qoyduğu yol bizi tarixi zəfərə, ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxardı. Məntiqi əlaqə qursaq görərik ki, Şuşaya gedən yol dahi şəxsiyyət Heydər Əliyevin siyasətindən keçdir. Ona görə də Ulu Öndər əbədiyaşardır və heç vaxt xatirəmizdən silinməyəcək".
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bugünkü günün əhəmiyyəti barədə danışarkən qeyd edib ki, Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi xalqın çoxəsrlik tarixinə həkk olunub: “Ulu Öndər SSRİ dağıldıqdan sonrakı müstəqil Azərbaycan Respublikasının, mən belə deyərdim ki, üçüncü Azərbaycan Respublikasının qurucusu bə xilaskarıdır. Ümummilli lider Heydər Əliyev dünya səviyyəsində bir şəxsiyyət olub. O, ötən əsrin 70-ci illərindən başlayaraq bugünkü olaylarında da dünya siyasətinə təsir edən çox böyük layihələr həyata keçirib. Biz Heydər Əliyev kimi dahi şəxsi yetirən bir xalqın nümayəndəsi olduğumuz üçün çox xoşbəxtik".
“Bu gün biz Ümummilli Lider Heydər Əliyevin 100 illiyini qeyd edəndə ilk növbədə onun prokurorluğa daim göstərdiyi diqqət yadımıza düşür”. Azərbaycanın Baş prokuroru Kamran Əliyev də Ulu Öndər şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüb. “Bu gün biz Ümummilli Lider Heydər Əliyevin 100 illiyini qeyd edəndə ilk növbədə onun prokurorluğa daim göstərdiyi diqqət yadımıza düşür. Prokurorluq bu gün də daim Ulu Öndərin müəyyən etdiyi siyasi kurs üzrə öz fəaliyyətini davam etdirir. Xatırlayırıq ki, məhz Ulu Öndər Heydər Əliyev bütün dövlət qurumları arasında prokurorluğun fəaliyyətinə daim xüsusi diqqət yetirib. Onun məşhur çıxışları var”.
Baş prokuror sözlərinə davam edərək bildirib ki, 3 oktyabr 1994-cü ildə prokurorluğun inzibati binasına silahlı basqından sonra Azərbaycan xalqına müraciəti olmuşdu: “1998-ci ildə prokurorluğun 80 illiyində, 2000-ci ildə məşhur 26 aprel iclasındakı nitqində və bütün çıxışlarında prokurorluğun mühüm dövlət hadisəsi olmasını qeyd etmişdir. Prokurorluğun bugünkü müasir fəaliyyəti üçün Ulu Öndərə minnətdarıq. Onun tərəfindən müəyyən edilmiş prokurorluğun dövlət qurumlarında, cəmiyyətdə yeri və rolu konstitusiyamızda da əksini tapıb, prokurorluq haqqında qanun layihələri hazırlanaraq qəbul edilib. Prokurorluq daim dövlətə və dövlətçiliyə, öz xalqına və cəmiyyətə qulluq edəcək”.
Bundan əlavə, Azərbaycan xalqının vətəndaşları da Ümummilli lider barədə fikirlərini bizimlə bölüşüb.
Paytaxt sakini Çiçək Hüseynzadə: "Ulu Öndər Heydər Əliyev yaddaşımda zəhmətkeş və əsl fenomen bir insan kimi qalıb. Ümummilli liderimiz dövlətini, azərbaycançılığı sevirdi və öz xalqı, ölkəsi üçün çox böyük işlər görüb. İndi də biz Ulu Öndərimizi dahi şəxsiyyət, əsl azərbaycanlı kimi dərin ehtiramla yad edirik".
Bakı sakini Kamal Nəbiyev: "Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə onun xatirəsinə ehtiram əlaməti olaraq Şəkidən Bakıya yol qət etməyi qərara aldım. Biz bugünkü gündə rahat yaşayışımız üçün Ümummilli liderimizə borcluyuq və öz borcumuzu yalnız bu cür ödəyə bilirik. Fəxr edirik ki, belə bir xalqın nümayəndəsiyik. Azərbaycan xalqının oğul və qızları belə bir ölkədə yaşadığı üçün xoşbəxtdir. Var olsun dövlətimiz!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB