Şirvanda Ulu Öndərin 100 illiyinə həsr edilən tennis turnirinə start verilib

Şirvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan stolüstü tennis idman növü üzrə qruplararası birincilik turnirinin açılış mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Şirvan Şəhər İcra Hakimiyyətinin və Təhsil Respublika İdman Mərkəzinin, Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə qeyd olunub ki, Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həmçinin idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması üçün mühüm tədbirlər həyata keçirilib.

Məlumat verilib ki, stolüstü tennis idman növü üzrə qruplararası birincilik turnirində 4 yaş qrupu üzrə 100-ə yaxın idmançı şagird iştirak edir. Qalib idmançılar məktəbin rəhbərliyi tərəfindən diplom, medal və digər hədiyyələrlə təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə