Azərbaycan xalqının son 34 illik tarixi Heydər Əliyev ideyaları ilə bağlı olub

Mayın 8-də Qəbələ şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Konfransdan əvvəl tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ümummilli Liderin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, islahatlardan danışıb, Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı çıxışında Azərbaycan xalqının son 34 illik tarixinin Heydər Əliyev şəxsiyyəti və onun ideyaları ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, müstəqillik tarixinin bütün əlamətdar hadisələrinin müəllifi Ulu Öndər olub. Deputat dahi şəxsiyyətin irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi qeyd edib.

Konfransda çıxış edənlər xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının yaranmasından, Heydər Əliyevin partiyaya rəhbərlik etməsindən, ölkədə ictimai-siyasi sabitliyin formalaşmasından danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə