“Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi” adlı tədbir keçirilib

Qida Təhlükəsizliyi Agentliyində “Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi” adlı tədbir təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini önə çəkib. O, qeyd edib ki, Azərbaycanda milli özünüdərkin, intibahın yaranması və formalaşması Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkənin mütərəqqi idarə olunması modelini yaradaraq Azərbaycanda milli özünəqayıdış və milli azadlıq ruhunu yüksəldib. Ulu Öndərin istedadlı gənclərimizin ozamankı ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasını təşkil etməsi gələcək müstəqil Azərbaycanın milli kadr hazırlığında önəmli addım olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Azərbaycanın milli zabitlər nəslinin hazırlanmasının təməli qoyulub. Ümummilli Lider Heydər Əliyev sovet dövlətinin ali rəhbərliyində yüksək vəzifədə çalışdığı dövrdə də öz xalqına xidmətini geniş miqyasda davam etdirib. 1990-cı ildə törədilən 20 Yanvar qırğınından sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək məqsədli şəkildə blokada şəraitinə salınmış respublikamızın haqq səsini və ona qarşı törədilmiş hərbi-siyasi cinayəti bütün dünyaya bəyan edib.

Agentliyin sədri Ulu Öndərin ikinci dəfə ölkəyə rəhbərliyi dövründə respublikada bütün sahələr üzrə uğurlar əldə olunduğunu vurğulayıb: “Böyük çətinlik və təzyiqlərə baxmayaraq, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı böyük iqtisadi layihələrin mərkəzinə çevirib. Ərazilərin işğalının dayandırılması və güclü ordu quruculuğu da müstəqil dövlətin inkişaf konsepsiyasının ayrılmaz sütunlarından biri olub. İllər sonra dahi liderin qurduğu ordu yenilməzlik statusunda Prezident İlham Əliyevin sərkərdəliyi altında torpaqlarımızı işğaldan zəfər yürüşü ilə azad edib.

O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ləyaqətlə anmağın hər kəsin vətəndaşlıq borcu və şərəf işi olduğunu bildirib, çünki bugünkü milli varlığımız Heydər Əliyevin əməllərinin ölməzliyi ilə sıx bağlıdır.

Daha sonra çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun məsul vəzifəli əməkdaşları Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyəti dövründə iqtisadiyyatın, təhsilin, elmin, səhiyyənin, idmanın və aqrar sahənin inkişafına verdiyi töhfələrdən, xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs ediblər. Eyni zamanda Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu və onun xatirəsinin hər zaman uca tutulacağını vurğulayıblar.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib, agentliyin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, ruhuna dərin hörmət və ehtiramlarını bildirib, abidəsi önünə gül dəstələri qoyublar. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə