Xorvatiyada Ulu Öndərin 100 illiyi münasibətilə tədbir təşkil olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqreb şəhərində musiqili tədbir təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Xorvatiya dövlətinin rəsmiləri, Xorvatiya Parlamentinin üzvləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Xorvatiya ali təhsil müəssisələrinin rəhbərləri, habelə ölkədə yaşayan azərbaycanlılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışaraq, onun müdrik siyasəti və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını həyata keçirməyə, müasir və güclü Azərbaycan dövləti qurmağa və xalqımızın müstəqillik arzularını gerçəkləşdirməyə nail olduğunu bildirib. Səfir Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub-saxlanılmasındakı rolundan bəhs edərək, onun tariximizin çətin dövründə hakimiyyətə gəldiyini, ölkəmizi xilas etdiyini bildirib.

Diplomat Ulu Öndərin həm sovet ittifaqı, həm də müstəqillik illərində müstəsna xidmətlərini qeyd edərək, onun tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında qüdrətli dövlətə çevrildiyini və beynəlxalq aləmdə layiqli yer tutduğunu diqqətə çatdırıb. O, Azərbaycan xalqının öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu vurğulayıb.

Səfir Heydər Əliyevin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 2020-ci ildə öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, bu böyük qələbənin məhz Ulu Öndər Heydər Əliyevin zamanında atılmış mühüm addımların nəticəsində əldə etməyin mümkün olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Xorvatiyanın sabiq Prezidenti İvo Josipoviç, Heydər Əliyevi dünyaşöhrətli siyasi xadim kimi xarakterizə edərək, onun hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda, milli və mənəvi dəyərlərə, adət-ənənələrə xüsusi önəm verdiyini, öz xalqı üçün misilsiz xidmətlər göstərdiyini, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin müstəsna rolu olduğunu qeyd edib. İ. Josipoviç, 90-cı illərdə Azərbaycanın keçdiyi çətin dövrdən söhbət açaraq, məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib.

Sonra çıxış edən Xorvatiyanın Xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç, Heydər Əliyevin dünya səviyyəli ictimai-siyasi xadim olduğunu, onun rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulduğunu diqqətə çatdırıb. F. Matuşiç, Xorvatiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 28 il əvvəl, 1995-ci il yanvarın 26-da, Prezident Heydər Əliyevin dövründə qurulduğunu, bunun ikitərəfli münasibətlərin və strateji tərəfdaşlığın uğurlu başlanğıcı olduğunu vurğulayıb. O, Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycanın bu gün beynəlxalq birliyin nüfuzlu və etibarlı tərəfdaşına çevrildiyini qeyd edərək, Heydər Əliyevin böyük dövlət xadimi kimi firavan və inkişaf edən Azərbaycanın

əsasını qoyduğunu bildirib. O, çıxışında ölkəsinin Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlara sevindiyini vurğulayıb.

Tədbir zamanı, İsfar Sarabski kvarteti tərəfindən Azərbaycanın məşhur bəstəkarlarının əsərləri ifa edilib, Ulu Öndərin həyatını və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə