"Ulu Öndər böyük uğurlara imza ataraq xalqımızın parlaq gələcəyini təmin edib" - Tahir Budaqov
"Çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları, həlledici anları və tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində doğma məmləkətinin inkişafına, Azərbaycanın milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən misilsiz işlər görmüşdür. O, istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində böyük uğurlara imza ataraq xalqımızın parlaq gələcəyini təmin etmişdir". SİA xəbər verir ki bu sözləri Dövlət Statistika Komitəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə komitənin sədri, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, Heydər Əliyev sovetlər birliyi dövründə həm Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi respublikamızın sosial-iqtisadi, elmi-mədəni inkişafına xidmət edən, böyük milli-mənəvi və siyasi-ideoloji əhəmiyyətə malik işlər görmüş, Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini yaratmışdır: "Xüsusi qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan SSR tarixində bütün sahələrdə inkişafla xarakterizə olunan ən parlaq dövrdür. Məlum olduğu kimi, SSRİ-nin tərkibində olan respublikalar inkişaf səviyyəsinə görə bir-birindən fərqlənirdilər. Azərbaycanın vəziyyəti isə 1969-cu ilə qədər qənaətbəxş deyildi. Mühüm resurslara malik olsa da, idarəetmənin səmərəsizliyi tənəzzülə səbəb olmuş, respublikamız ittifaq tərkibində bütün istiqamətlər üzrə geridə qalmışdır. Məhz 1969-cu ildən - Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra atılan addımlar – görülən işlər hərtərəfli inkişafı və yüksəlişi təmin edən həlledici amil olmuşdur. Sənayeləşmə iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş, bu istiqamətdə atılan addımlar sayəsində mühüm irəliləyiş qeydə alınmış, Azərbaycan qısa müddətdə ittifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşmışdır. Paralel olaraq kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirilmiş və istehsal olunan məhsulların orta illik həcmi davamlı olaraq artırılmışdır. Bundan başqa, neft hasilatının artımı təmin edilmiş, ehtiyatlardan səmərəli istifadə nəticəsində bu sahədə davamlı inkişafa nail olunmuşdur.
1969-1982-ci illərdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 200-dən çox iri sənaye müəssisəsi işə salınmış, ölkədə istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmuşdur. Həmin illərdə görülən işlər nəticəsində paytaxt Bakının və respublika rayonlarının siması yenilənmiş, yaşayış binalarının, məktəblərin, mədəniyyət saraylarının inşası, iqtisadiyyatımızın nüvəsini təşkil edən nəhəng sənaye obyektlərinin, iri istehsal komplekslərinin, su anbarlarının, müasir yol infrastrukturunun yaradılması sosial-iqtisadi inkişafa güclü təkan vermişdir. Yeni iş yerlərinin yaradılması nəticəsində əhalinin məşğulluğunun artması isə insanların rifahının yüksəlməsi baxımından böyük əhəmiyyətə malik olmuşdur.
1969-1982-ci illərdə ölkənin iqtisadi və sosial inkişafının göstəricisi olan milli gəlir 2,5 dəfə artmışdır. Möhkəm iqtisadi baza üzərində respublikanın elmi potensialının, kadr-mütəxəssis ehtiyatlarının artırılması və digər istiqamətlərdə görülən işlər SSRİ dövründə milli intibaha müstəsna töhfə olmuşdur. Həmin tarixi mərhələyə nəzər salan Prezident İlham Əliyev qeyd etmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir: “Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli-mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB