Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - YENİLƏNİB- FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən qurumların rəsmilərinin, media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyada iştirak edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ağacəkmə aksiyası keçirilən 480 hektarlıq ərazinin böyük bir bağ olacağına ümid etdiyini bildirib: "Artıq onlarla təşkilatlar, qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsünə qoşularaq Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edir. Ərazi getdikcə yaşıllaşdırılır. Eyni zamanda, ərazinin çirkab sularından təmizlənməsi həyata keçirilir. Ərazilərdə iqlimə uyğunlaşmış ağaclar əkilir. İnanırıq ki, bura 480 hektarlıq bir bağ olacaq və biz də bəhrəsini görəcəyik. Ümid edirik ki, daha çox təşkilatlar, ümumilikdə cəmiyyətimiz bu aksiyalarımıza qoşular".

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov da öz fikirlərini bölüşüb: "Bu gün biz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçiririk. Gördüyünüz kimi Azərbayacnın aparıcı media subyektlərinin təmsilçiləri böyük həvəslə aksiyada iştirak edirlər.

Bildiyiniz kimi Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmsada olmuşdur".

Ə.İsmayılov sözlərinə davam edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapmışdır: "Məhz Ulu Öndərin təşəbbüsü, siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda 1998-ci ildə mətbuat üzərindən senzura ləğv edilmişdir.

2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olmuşdur.

Ulu Öndərin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.

Ümummilli Liderimiz Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri Ulu Öndərimizi həmişə qədirbilənliklə anacaqlar".

Mətbuat Şurasının sədri Rəşad Məcid də aksiya barədə təəssüratlarını ifadə edib. O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə mətbuatın bu sahədə ağacəkmə sahəsində əməkdaşlığın artıq xeyli tarixi var: "Vaxtilə Hövsan ərazisində Jurnalistlər bağının salınmasında da media nümayəndələri iştirak ediblər. İndi isə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilir. Bura susuz, ağacsız bir ərazi olub. Artıq burada ağaclar əkilməyə, meşə salınmağa başlanır. bu gün Heydər Əliyevin 100 illik yubileyi şərəfinə jurnalistlərin iştirakı ilə salınan bağ bir neçə ildən sonra bu yoldan keçən insanların gözünü oxşayacaq və Azərbaycan təbiətinin dəyişməsinə xidmət edəcək. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin bütün jurnalistlərə minnətdarlığımı bildirirəm".

"Çox sevindirici bir haldır ki, media nümayəndələri çox böyük fəallıqla bu cür aksiyalarda iştirak edirlər". Bu sözləri isə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O qeyd edib ki, bu il ölkə üzrə 3 milyon ağac əkiıməsi planlaşdırılır. Bu fəaliyyət bütün regionlarda həyata keçirilir. Ağacların əkilməsi ilə yanaşı, yaşıllıqların mühafizəsi çox vacib bir tədbirdir. Yəni, əkilən ağaclara qulluq olunması və mövcud yaşıllıqların mühafizəsi ilə bağlı bütün vətəndaş cəmiyyətləri aktiv fəaliyyət göstərməlidir. Təkcə keçən ilin statistikasına görə, yaşıllıqlara qarşı 1963 pozuntu aktı qeyd edilmişdir. Bunlardan 223-ü Hüquq Mühafizə Orqanlarına təqdim edilib".

Qeyd edək ki, ağacəkmə aksiyasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə