"Ulu Öndərin başlıca amalı doğma xalqının xoşbəxtliyi olub" - REKTOR DANIŞDI

"Həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib". SİA xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "Müasir Azərbaycanın memarı" adlı tədbirdə deyib.

O qeyd edib ki, Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib: "Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin inanılmaz səyləri ilə sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir ölkəyə çevrildi".

E.Babayev bildirib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi: "Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün Ulu Öndər tərəfindən misilsiz addımlar atıldı. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. İllər sonra möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri yaradıldı".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə