"Ulu Öndərin atdığı addımlar bugünkü nailiyyətlərimizin səbəbidir" - DEPUTAT ŞƏRH ETDİ

"Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili" elan edilib. Bu yubiley sadəcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da əhəmiyyətli bir gün kimi qeyd edilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolu haqqında danışmaq üçün saatlar, günlər kifayət etməz: "Onun bizə miras qoyduğu bu dövlət o qədər böyük bir inkişaf yolu keçib ki, bütün nailiyyətlər haqqında qısa şəkildə fikir yürütmək çox çətindir. Heydər Əliyevin istər Sovet Sosialist Respublikasının rəhbəri, istərsə də müstəqil respublikanın Prezidenti olduğu zaman ölkədə həyata keçirdiyi fəaliyyətin və onun rəhbərliyi ilə baş tutan islahatların, atdığı addımların hər birinin arxasında Azərbaycan xalqı və onun rifahının yaxşılaşdırılması konsepsiyası dayanıb".

Deputat sözlərinə davam edərək bildirib ki, Ulu Öndərimizin həyatının amalı xalqa xidmətdən ibarət olub: "Özünün də söylədiyi kimi, o, ömrünün qalan hissəsini xalqına bağışlayıb. Bu sözləri deyən bir lider həqiqətən də gəncliyinin ilk illərindən başlayaraq qarşısına qoyduğu böyük amal- bütöv, müstəqil və inkişaf etmiş Azərbaycan uğrunda çalışıb. Onun atdığı addımlar bizim bugünkü nailiyyətlərimizin səbəbidir. Bu gün biz Ulu Öndər Heydər Əliyevi ehtiram və rəhmətlə anırıq. Əminik ki, Azərbaycan hər zaman Heydər Əliyev ideyaları ilə irəliyə gedərək daha böyük uğurlar əldə edəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə