“Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans

Aprelin 14-də Tbilisidə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycanın Gürcüstandakı səfiri və səfirliyin əməkdaşları, Türkiyə səfirliyinin məsul nümayəndələri, Gürcüstan parlamentinin deputatları, Marneuli şəhərinin meri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, din xadimləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş etdirilib.

Sonra səfir Faiq Quliyev çıxış edərək deyib ki, müasir dövrdə dini dəyərlərimizin bünövrəsi, ali mənəviyyat yolunun başlanğıcı xalqımızın Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bildirib ki, sovetlər dövründə həyata keçirilən ideologiya və siyasət milli kimliyin inkişafının əngəllənməsi və onun zəruri hissəsi olan milli-mənəvi dəyərlərin sıxışdırılmasından ibarət olub. Milli-mənəvi, dini dəyərlərimizə qarşı təzyiqlərin olduğu bir vaxtda Heydər Əliyev mətinliklə çıxış edərək Azərbaycan xalqının kimliyinin, məfkurəsinin formalaşmasında müstəsna rol oynamış, ali dini dəyərlərin dirçəldilməsi və düzgün dərk edilməsi istiqamətini öz siyasətinin prioritetlərindən biri hesab etmişdir.

Diplomat milli-mənəvi dəyərlərin qorunmasında Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, bu gün Azərbaycanda bütün dini konfessiyalar azad şəkildə öz dini ayinlərini icra edir, onlara dövlət tərəfindən müvafiq yardımlar göstərilir.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov çıxış edərək Azərbaycanda mövcud olan tolerantlıqdan danışıb, bu tolerantlığın digər ölkələr üçün nümunə olduğunu bildirib.

O, Gürcüstanda da milli-mənəvi dəyərlərə böyük hörmət bəslənildiyini, dövlətin dini icmalara yardım göstərdiyini qeyd edib.

GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı, Savalan Mirzəyev, sabiq deputatlar Azər Süleymanov, İsak Novruzov, Ramiz Bəkirov və başqaları çıxış edərək, Azərbaycanda və Gürcüstanda milli-mənəvi dəyərlərin qorunmasından, inkişaf etdirilməsindən danışıblar.

Sonda müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, iftar süfrəsi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə