Ulu Öndər Heydər Əliyev gənclərə aparıcı qüvvə kimi daim dəyər verib

Aprelin 12-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda növbəti tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, YAP Xətai rayon təşkilatından bildiriblər ki, iştirakçılar əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, gənclərimiz gələcəyimizin etibarlı təminatçılarıdır. Yaradıcı, zəngin potensiala malik gənclər qürur mənbəyimizdir. Ulu Öndər Heydər Əliyev daim gənclərə aparıcı qüvvə kimi dəyər verib. Əhalinin bu təbəqəsinə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Vurğulanıb ki, Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev hazırda bu siyasətə sadiqliyini uğurlu addımları, imzaladığı fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları ilə nümayiş etdirir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin Karyera və tələbələrlə iş şöbəsinin müdiri Emil Aslanlı, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov çıxışlarında Azərbaycan gənclərinin tariximizin ayrı-ayrı dövrlərində keçdiyi inkişaf mərhələlərindən, belə tədbirlərin gənclərin Ulu Öndərin xalqımız qarşısında xidmətləri barədə dolğun məlumat almaq baxımından əhəmiyyətindən danışıblar.

Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə