Ulu Öndər Azərbaycanın multikulturalizm modelinin siyasi banisidir

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Multikulturalizm” mövzusunda tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, tədbiri giriş sözü ilə açan BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin bu ili “Heydər Əliyev İli” elan etdiyini vurğulayıb.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov mövzu ilə bağlı mühazirəsi dinlənilib.

O, əvvəlcə mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. İcraçı direktor mühazirəsində vurğulayıb ki, Azərbaycan özünün multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu davamlı uğurlu siyasətin nəticəsidir.

O diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm modelinin siyasi banisidir. Ümummilli Lider Azərbaycan xalqının əsrlər ərzində təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb. Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.

Rəvan Həsənov bildirib ki, müxtəlif millətlərin və dinlərin nümayəndələri min illərdən bəri ölkəmizdə dost və qardaş kimi yaşayıb, Azərbaycanı ümumi vətənləri kimi qoruyublar. Zəfərlə başa çatan Vətən müharibəsində də Azərbaycan Ordusunun sıralarında ölkəmizdə yaşayan müxtəlif xalqların minlərlə nümayəndəsi döyüşüb, Vətənin müdafiəsinə qalxıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş yüzlərlə şəhidin arasında müxtəlif xalqların övladları - aqarunovlar, yakovlevlər, polovinkolar, senyuşkinlər və başqaları kimi igid döyüşçülərimiz də var. Azərbaycan xalqı onların əziz xatirəsini əbədi yaşadacaq, heç zaman unutmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə