“Heydər Əliyev İli” ilə bağlı ölkə başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq təsdiq edilmiş tədbirlər planı çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin və şəhərdəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycanın milli intibahındakı rolundan bəhs edən film nümayiş olunub.
Konfransda çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayan Ulu Öndərin adının xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edildiyini bildirib. Azərbaycanın son onilliklər ərzində qazandığı bütün uğurlarda Heydər Əliyevin imzasının olduğu, ona görə də Ulu Öndərin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərinin minnətdarlıq hissi ilə xatırlandığı diqqətə çatdırılıb.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 1969-1982-ci və 1993-2003-cü illəri əhatə edən hər iki dövrünün milli intibah dövrü kimi səciyyələndiyi vurğulanıb. Dahi liderin rəhbərliyi ilə ölkəmizdə sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində əldə edilən böyük uğurlardan bəhs edilib. Onun həm də müstəqil respublikamızın Dördüncü Sənaye İnqilabı modelinin banisi kimi ehtiramla xatırlandığı qeyd olunub. Xarici ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasında, Azərbaycan diasporunun formalaşmasında Ulu Öndərin fəaliyyətindən söz açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu, qəti və prinsipial mövqeyini davam etdirməklə xalqın böyük etimadını qazandığı, qısa müddət ərzində əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan tədbirlər həyata keçirdiyi, iqtisadi inkişaf sürətinə görə Azərbaycanın regionda lider dövlətə, beynəlxalq aləmdə nüfuz və söz sahibinə, beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrildiyi diqqətə çatdırılıb.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşən rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğaldan azad etməsi ilə Azərbaycanın milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşadığı vurğulanıb.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Heydər Əliyev ideyalarının möhkəm təməli üzərində qurulub inkişaf etmiş Yeni Azərbaycan Partiyasının xalqın yekdil iradəsinin ifadəsi olaraq tarixi zərurətdən yarandığını bildirib. Partiyanın bütün dünya azərbaycanlılarının lideri, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşərək təşəkkül tapdığını və ölkənin ictimai-siyasi həyatında indiki mövqeyini tutduğunu qeyd edib.
İkinci Qarabağ müharibəsi əlili Aslan Cəfərov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu, milli hərbi kadrların hazırlanması, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, döyüş ruhunun yüksəldilməsi sahəsində xidmətlərindən danışıb. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbənin təməlində Heydər Əliyevin imzası olduğunu vurğulayıb.
Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhər nümayəndəsi Əziz Abbasov Ümummilli Lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə respublikamızın mədəni həyatına böyük töhfələr verdiyini, tarixi şəxsiyyətlərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldığını, ev-muzeylərinin yaradıldığını, çox sayda memarlıq abidəsinin bərpa edildiyini, sənət adamlarına diqqət və qayğı göstərdiyini xatırladıb.
Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov Ulu Öndərin təhsilimizin inkişafındakı xidmətlərindən bəhs edib. Peşə təhsilinə göstərilən diqqət nəticəsində ölkəmizdə ixtisaslı kadrlar ordusunun yetişdiyini, Heydər Əliyev irsinin daim qəlblərdə yaşayacağını qeyd edib.
Sonda S.Hüseynov adına Şirvan şəhər 1 nömrəli tam orta məktəb-lisey şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB