Bakı Apellyasiya Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzində olub
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskarlıq missiyasını yerinə yetirən dahi insanlar var. Həmin dahi şəxsiyyətlər qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Azərbaycan dövlətinin ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əbədiyaşar liderimiz Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində, dövlətimizin hərtərəfli inkişafı yolunda, milli dövlətçilik ideyasının bərqərar olmasında, o cümlədən hüquqi dövlətin qurulmasında, müasir məhkəmə və ədliyyə sisteminin yaranmasında və formalaşmasında əvəzsiz tarixi xidmətləri olub. Bu il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur və bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzində olub.
Mərkəzlə tanışlıq zamanı bildirilib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb.
Qeyd olunub ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.
Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır, Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dillərində verilir.
Ziyarətçilər 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olmuş avtomobillərə baxıblar.
“Azərbaycan inciləri” sərgisi ilə tanışlıq zamanı ziyarətçilərə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətlərinin, çoxəsrlik tarixinin, mədəni irsinə dair nadir eksponatların nümayiş etdirildiyi qeyd edilib.
Orijinal məzmunu ilə seçilən muzeydə Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərin diqqətinə çatdırılıb. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilib.
Məhkəmənin hakimləri və əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB