İmişlidə “Heydər Əliyev və peşə təhsili” adlı tədbir keçirilib

İmişlidə "Heydər Əliyev İli" çərçivəsində “Heydər Əliyev və peşə təhsili” adlı tədbir keçirilib. Toplantı Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “Peşə” ərazi partiya təşkilatında təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Peşə məktəbinin rəhbərliyi, məktəb kollektivi və fəal partiya üzvləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən “Peşə” ərazi partiya təşkilatının sədri Qalib Mirzəyev bildirib ki, uzun tarixə malik olan Azərbaycan peşə təhsili Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı mühüm işlər olub.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə baza müəssisələrinin qabaqcıl mühəndis-texniki mütəxəssisləri peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi, istehsalat təlimi ustaları və rəhbər işçi kimi irəli çəkilib. Müəssisə və təşkilatlarda istifadə olunan yeni texnoloji avadanlıqlar, maşın və mexanizmlər peşə təhsili müəssisələrinə ödənişsiz verilməsi təşkil olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı “Peşə təhsili” haqqında Qanun bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlardan biri olub.

Digər çıxış edənlər vurğulayıblar ki, Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Ulu Öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qafqazda lider ölkə olaraq qaldığı diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə