"Mədəni irsə xüsusi qayğı Ulu Öndərin diqqət mərkəzində olub" - DEPUTAT DANIŞDI

"Ulu Öndərin fəaliyyətinin əsas istiqamətini Azərbaycanda milli müstəqil dövlətin yaradılması, dövlətin həyat rejiminin təmin olunması və inkişafı üçün perspektivlərin müəyyənləşdirilməsi təşkil edir. Bu çox önəmli bir məsələdir və görünən tərəfdir. Lakin bunun çox geniş şərtləri var. Yəni belə bir milli dövlət quruculuğunu həyata keçirmək üçün milli liderimizin hansı təcrübədən istifadə etməsi, hansı yeni təcrübə yaratması günümüzdə böyük önəm daşıyır. Ulu Öndər Heydər Əliyevin fəaliyyətində mədəniyyət məsələsi də mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Ümummilli Liderin mədəniyyət sahəsində əsas 3 prinsipi yer tutub: "Bunlardan birincisi milli mədəni irsə xüsusi qayğı göstərmək idi. Xalqın mədəni irs ilə daim təmasda olmasını təmin etmək xüsusi rol oynayırdı. Klassik şair və yazıçılarımızın əsərlərinin nəşri, konfranslarının, yubileylərinin keçirilməsi, onlara abidələrin ucaldılması, eləcə də musiqi, rəssamlıq, heykəltaraşlıq hər zaman Ulu Öndərin diqqət mərkəzində olub. İkinci prinsipə yaradıcı şəxsiyyətin mühafizəsi aiddir. Buna görə də Ümummilli Liderimiz Azərbaycanın hər bir tanınmış, istedadlı incəsənət nümayəndəsinə xüsusi qayğı ilə yanaşırdı. Bu elə bir ənənədir ki, bizim dövlət siyasətimizə çevrilərək, bu günə qədər də aktuallığını davam etdirir. Nəhayət üçüncü prinsip isə mədəniyyət və incəsənətin yaşamasının təmin olunmasından ibarət idi. Mədəniyyət, incəsənət xadimlərinə dövlət qayğısı kifayət qədərdir. Biz bu gün də Ulu Öndər Heydər Əliyevin artıq dövlət siyasətinə çevrilmiş üç əsas prinsipə sahibik və bu bizim mədəniyyətimizin inkişafı üçün mənəvi stimuldur".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə