“Həkimlərimizi tanıyın!” rubrikamızda

“Həkimlərimizi tanıyın!” rubrikamızda

Yüksək peşəkarlığı, zəngin klinik təcrübəsi və ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı ilə seçilən, Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu Dr. Rəşad Nəsirlini Sizə təqdim edirik.
İnsan həyatında elə məqamlar var ki, saniyələr belə böyük əhəmiyyət daşıyır. Pasiyentin vəziyyətinin qəfil ağırlaşdığı, həyati funksiyaların ciddi nəzarət tələb etdiyi anlarda həkimin biliyi, təcrübəsi və çevik qərarvermə qabiliyyəti xüsusi önəm daşıyır. Anestezioloq-reanimatoloq Rəşad Nəsirli məhz belə kritik məqamlarda pasiyentin yanında olan, onun həyati funksiyalarının qorunmasına və vəziyyətinin stabilləşdirilməsinə çalışan, peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkimlərdəndir. 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən Dr. Rəşad Nəsirli bu gün də yüksək peşəkarlığı, məsuliyyətli yanaşması və zəngin təcrübəsi ilə pasiyentlərin sağlamlığının və həyatının qorunmasına xidmət edir.
Rəşad həkimin peşəkar fəaliyyət istiqamətləri kifayət qədər genişdir. O, ümumi və regional anesteziya, o cümlədən spinal və epidural anesteziya, periferik sinir blokları, traxeyanın intubasiyası və ekstubasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və qeyri-invaziv monitorinq, ağciyərlərin invaziv və qeyri-invaziv ventilyasiyası, traxeostomanın açılması, ağrı terapiyası pompasının (PCA) tətbiqi, lumbal punksiya və onurğa beyin mayesinin alınması, bronxoskopiya ilə bronxların lavajı, defibrilasiya və kardioversiya, ürəkdaxili inyeksiyaların yeridilməsi kimi tibbi prosedurları həyata keçirir. Rəşad Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/resad-nesirli.
Tibbə aparan yol – təhsil və ilk peşəkar addımlar
Dr. Rəşad Nəsirlinin həkimlik fəaliyyətinə gedən yolu Azərbaycan Tibb Universitetindən başlayıb. O, 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.
2005–2006-cı illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsində internatura keçərək ixtisas üzrə ilkin peşəkar təcrübəsini formalaşdırıb. Tibb sahəsində nəzəri biliklərlə yanaşı, praktiki təcrübənin də mühüm əhəmiyyət daşıdığını əsas götürən Rəşad həkim sonrakı illərdə fəaliyyətini müxtəlif aparıcı tibb müəssisələrində davam etdirib.
Peşəkar fəaliyyət
Dr.Rəşad Nəsirli əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Travmatologiya və Ortopediya İnstitutunun Anesteziologiya və Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi başlayıb. O, 2015-ci ilə qədər bu tibb müəssisəsində çalışıb.
2011–2015-ci illərdə eyni zamanda B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. Həmin illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində də çalışan Rəşad həkim fərqli klinik vəziyyətlərlə qarşılaşaraq zəngin peşəkar təcrübə qazanıb. Rəşad həkimin uzun illər ərzində müxtəlif tibb müəssisələrində qazandığı təcrübə onun mürəkkəb klinik vəziyyətlərə peşəkar yanaşmasına mühüm zəmin yaradıb.
Beynəlxalq təcrübə və davamlı inkişaf
Dr. Rəşad Nəsirli müxtəlif illərdə Türkiyədə və digər ölkələrdə keçirilən beynəlxalq tibbi tədbirlərdə, konfrans və təkmilləşdirmə proqramlarında iştirak edib. O, 2011-ci ildə Türkiyənin Ankara şəhərində Dışkapı Eğitim ve Araştırma Xəstəxanasında 3 aylıq təkmilləşdirmə kursunda, 2011–2013-cü illərdə Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya Hematoloji Konfranslarında, 2015-ci ildə Ankarada təşkil olunan İntensiv Terapiya Dərnəyinin konqresində, 2018-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Birinci Beynəlxalq Transplantasiya Konqresində fəal iştirak edib. Rəşad həkim 2018-ci ildə Malatya İnönü Universitetinin Qaraciyər Nəqli İnstitutunda 1 aylıq təkmilləşdirmə kursu keçib, daha sonra Malatyada Qaraciyər Nəqli Xəstəxanasında anesteziya üzrə xüsusi kursda iştirak edib.
O, 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Rəşad həkim eyni zamanda Azərbaycan İntensiv Terapiya Assosiasiyasının üzvüdür

Bütün xəbərlər Facebook səhifəmizdə