Naxçıvanda işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə SİA-nın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Quliyev özünü “Tural” adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verib. Bu yolla o, vətəndaşlardan, ümumilikdə, 12000 manata yaxın pul ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə və ya “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə