Məhkəmə MN-nin sabiq vəzifəli şəxsi barədə qərar verib

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin olunmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, sabiq xidmət rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib.
Həmçinin hökmlə dövlətə vurulmuş ziyanla bağlı Rəşad Məlikzadəyə məxsus təxminən 2 milyon manatlıq əmlak müsadirə edilib.
İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə