Kurikulum və müəllimlərin işə qəbulundakı problemlər

Azərbaycanda təhsil sistemi uzun müddətdir ki, aktual mövzudur. Bu, yaxşı bir işarə olsa da, öz növbəsində, təhsil probleminin həll olunmadığının göstəricisidir. Bir çox təhsil islahatlarından sonra, hələ də bütün narazılıqlar aradan qaldırılmayıb. İslahatların və təhsil sisteminin mümkün ola biləcək xətalarını isə bu yazıda araşdıracağıq.

İlk növbədə, kurikulum sistemi barədə danışmalıyıq. Dünyada da yayılmaqda olan bu sistemin Azərbaycana gəlişində bir çox mühüm məqsəd nəzərdə tutulub.

1.Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması;

2.Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid;

3.Dünya təhsil sisteminə inteqrasiya;

4.İnformasiya əsrinin tələbləri;

5.Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması;

6.Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi;

Bu məqsədlərə nə dərəcədə çatdığımızı müəyyənləşdirmək üçün mövzu üzrə mütəxəssis hesab etdiyimiz təhsil üzrə ekspert olan Elçin Əfəndiyevlə də danışdıq. İnsanların öyrənmək üçün seçdiyi ən praktik yol soruşmaqdıq. Belə ki, biz də “nədir?”, “necədir?” suallarını verərək məsələni aydınlaşdırmağa çalışdıq.

Kurikulum nədir?

Azərbaycanda kurikulumla təhsil almış ilk şagirdlərdən biri kimi deyə bilərəm ki, kurikulum sistemi daha çox şagirdin təhsildə uğur qazanmasına hesablanıb. Belə ki, bu sistemin məqsədi elmi bilikləri daha əyləncəli, praktik yolla və texnologiya müşayiəti şagirdlərə çatdırmaqdır. Məqsəd uşaqlarda elmə marağı artırmaq və uşaqların bu bilikləri birbaşa praktika yolu ilə mənimsəməsidir. Yəni bu sistem əzbərçilikdən qaçır, daha çox məntiqə və praktikaya əsaslanır.

Ekspert bildirir ki, ölkəmiz kurikulum sistemini 1990-ci illərin sonlarına doğru yaxından müşahidə etməyə başladı. 2009-cu ildə isə Azərbaycan kurikulum sisteminə tam keçid etdi. Beləliklə, ölkəmizdə də kurikulum sistemi tədris olunmağa başladı. 2019-cu ildə yenilənmiş qəbul sistemi ilə keçirilmiş imtahan isə şagirdlərin daha uğurlu olduğunu müşahidə etdik. Çünki kurikulum sistemi daha çox öyrədici fəaliyyət göstərir. Kurikulum əzbərçilikdən daha çox qaçdığı üçün ölkəmizin təhsilinə daha çox töhfə verib.

Təhsil üzrə ekspert Elçin Əfəndiyevin dediklərindən anlamaq olar ki, bu sistem ölkəmizin təhsilinə daha çox xeyir verib. Kurikulum, ənənəvi təhsil sisteminə nisbətən daha qəliz olsa da, şagirdlərin öz üzərlərində daha çox işləməsinə yol açır.

Kurikulum sistemi necədir? Kurikulum bizim təhsil sistemindən nə dərəcədə uğurlu oldu?

Mütəxəssis Elçin Əfəndiyev bildirir ki, kurikulum bizim cəmiyyətin təfəkkürü üçün uyğun olmayan təhsil sistemidir. Baxmayaraq ki, bunu qəbul etmək kifayət qədər uzun çəkdi. Kurikulum eyni zamanda qorxuludur. Belə ki, müəllim və şagirdlər “kurikulum” sözü eşidəndə ağıllarına qorxulu bir təhsil üsulu gəlir. Halbuki kurikulum düzgün tədris olunarsa, şagirdlər daha keyfiyyətli şəkildə bilikləri mənimsəyə bilər. Bu amillərə baxmayaraq, kurikulum Azərbaycan təhsilinə daha çox xeyir qatıb.

Kurikulum pandemiyaya qarşı daha dözümlü oldu?

Təhsil üzrə ekspert bildirir ki, kurikulum pandemiyaya qarşı daha dözümlü olub. Çünki kurikuluma görə, uşaqlar daha çox özləri öyrənir. Onlar bilik və məlumatları daha çox özləri əldə etməyə öyrəşib. Digər tərəfdən pandemiya zamanı çətinlik yaradan cəhət isə şagirdlərin yazı işlərinin yoxlanılmasıdır.

Kurikulum sisteminin şərtləri yaşlı nəsildən olan müəllimləri çətin vəziyyətdə qoyub. Həm də valideynlər öz övladlarına kifayət qədər yardımçı ola bilmirlər. Mütəxəssisdən bu barədə fikirlərini də aldıq. O bildirir ki, yaşlı nəsil bu sistemə daha çətin inteqrasiya edir. Çünki onlar SSRİ-dən qalma təhsil sisteminə uyğunlaşıblar. Beləliklə, onlara texnologiya və yeniliklərlə iç-içə olan bu sistemlə tədris etmək daha çətindir. Bu səbəblərə görə də yeni təhsil sistemində gənc müəllimlərə üstünlük vermək gərəklidir.

Müəllimlərin işə qəbul imtahanından bir çox şikayətlər var. Ekspert Elçin Əfəndiyevlə bu barədə də danışdıq. Mütəxəssis bildirir ki, müəllimlərin işə qəbul imtahanı ilə bağlı hər il problemlər yaşayırıq. Sualların çətinlik səviyyəsi, texniki xətalar, vahid tədris probleminin olmaması ən əsas problemlərdəndir. Bunları aradan qaldırmaq üçün vahid ədəbiyyat siyahısı tərtib olunmalıdır. Sualların çətinliyi və digər kitablardan salınması isə haqlı olaraq etirazlar yaradır. Bu barədə tədbir görülməzsə növbəti illərdə müəllim və müəllimliyə namizədlərin imtahanı dövlət imtahan mərkəzinə tapşılırmalıdır. Təhsil Nazirliyi isə, sadəcə, müsahibə təşkil edərək imtahanı keçən namizədləri işlə təmin etməlidir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə