"Əslində evlilik münasibətlərin təzahürüdür" - PSİXOLOQ İZAH ETDİ

"Bu gün evlənənlərin sayı kifayət qədərdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq bildirib ki, amma boşanmaların da sayı nisbətlə götürdükdə əvvəlki illərə görə çoxalıb: "Fikir verəndə görürük ki, qısa müddətli evliliklər artıb. Bu gün gəncliyin, cavanların üstünə evlənmək üçün o qədərmi gedilir? Valideynlərin düşüncəsində qalan "evlənməlisən" fikri indiki gəncliyə təlqin, basqı olunaraq davam etdirilir? Sonra gənclər bu basqı ilə evlənir, şəraitə dözə bilmir, boşanır. Kənardan hər şey əla görünə bilər, cütlüklər çox yaxşı münasibətdə görünə bilərlər. Bir zaman sonra bu özünü kəskin aqressiv ayrılıqla göstərir. Bu, bir az individual məsələdir.

Əgər insan idarə olunmağa meyillidirsə, deməli, o, kənardan bu evliliyə məcbur edilib. Bu evlilik ona öyrədilib. Öyrədilmiş ağıl deyə bir şey var. Ona öyrədilir ki, ailə qurmalıdır ki, xoşbəxt olsun. Amma ailə qurur, görür ki, yox, ona verilən vədlər yerinə yetirilmir. Yaxud da, nu gün gənclər elə yetişir ki, onlar ailə həyatına hazır deyillər. İqtisadi, psixoloji vəziyyət, hər bir şeyin az və ya çox təsiri olur. Qaynana ilə yaşamaq deyəndə çox adam bunu qaynana kimi nəzərdə tutmasın. Yəni keçmiş insanla indiki gəncliyi müqayisə etmək düzgün deyil. Həzrət Əli belə deyir ki, övladlarınızı zamana uyğun yetişdirin. İnsanlar bu gün sərbəstliyi üstün tuturlar. Sərbəstlik özbaşınalıq demək deyil. Yəni bir evdə iki nəfər sərbəst yaşayıb hisslərini düzgün ifadə edə bilir. Əgər biz keçmişlə müqayisə etsək, 30 il bundan əvvəl sevgini göstərməyin ayıb olduğunu görərdik. Bizə sevgini ört-basdır etməyi öyrədirdilər. Amma nifrət, kini açıq şəkildə göstərmək ayıb sayılmırdı. İndi gənclik sevgisini də, bütün emosional hisslərini də göstərmək istəyir. Gəncliyə imkan vermək lazımdır ki, hisslərini özü anlasın, başa düşsün. Bir az da gənclikdə özgüvən problemi var. Hələ özünü cəmiyyətdə təsdiq etməmiş ailə qururlar. Bu ailədə hələ özünü belə tanımayan insan başqası ilə birlikdə yol çıxmaq istəyir. İnsan gərək özünü yetişdirə, sonra başqası ilə münasibətə başlaya. Özü şüuraltı, şəxsiyyət olaraq böyüməmiş insan münasibətini yetkinləşdirə bilməz. Çünki insanın xasiyyəti necədirsə, onun qurduğu münasibət də o olur. Şəxsiyyət, xarakter kökdür, onun budağı, çiçəyi, meyvəsi münasibətdir. Əgər münasibət gözəldirsə, deməli, xarakterdə problem yoxdur. Əgər dialoqlarda problem varsa, deməli özəkdə problem var".

Onun sözlərinə görə, əslində evlilik münasibətlərin təzahürüdür: "İnsan özünü tanıdığı zaman münasibətini də tanıyır, idarə edə bilir. Özünə hörmət etməyən, özünə güvənməyən insan münasibətinə də güvənməz, hörmət etməz. Ona görə də bu, çox genişmiqyaslı məsələdir. Sosial şəbəkələrə baxırlar. Deyirlər ki, bu, yaxşıdır, mən də istəyirəm. Ona görə də münasibət pozulur. Həmişə danışanda çalışıram ki, kökə gedək. Məni dinləyən insan bilsin ki, problemi haradadır? "Instaqram"da şablon şəkillər qoyub xoşbəxt olduqlarını göstərirlər. Möhtəşəm toy edirlər, səyahətlərə gedirlər. Əslində daxilən nə baş verirsə, onu göstərməyə ehtiyacı olan adam daxilən özgüvənsizdir ki, münasibətini qabarıq şəkildə göstərmək istəyir. Deməli, içəridə heç nə yoxdur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə